Aİ Azadlıq Radiosunu maliyyələşdirəcəkmi?
Avropa İttifaqının (Aİ) ümumi məsələlər üzrə Şurasının iclasında gündəmdə olan mövzulardan biri maliyyəsini itirmək təhlükəsi ilə üzləşən Azad Avropa/Azadlıq Radiosuna mümkün dəstək olacaq.
SAVASHMEDİA.az AzadlıqRadiosuna istinadən xəbər verir ki, bu barədə Çexiya hökumətinin Avropa məsələləri üzrə naziri Martin Dvorak bildirib.
Çexiyanın xarici işlər naziri Yan Lipavski ötən gün Aİ XİN rəhbərlərinin görüşündə media qurumuna mümkün dəstək məsələsini qaldırıb. Çexiya AzadlıqRadiosuna Aİ-dən maliyyə dəstəyinin mümkünlüyünü müzakirə edən bəyanat layihəsinin təşəbbüskarı olub. Qeyd edək ki, AzadlıqRadiosunun baş ofisi Praqada yerləşir.
Dvorakın verdiyi məlumata görə, bazar ertəsi axşam saatlarında Aİ-nin daha yeddi ölkəsi təşəbbüsü dəstəkləyib. Söhbət özəlliklə Litva, Latviya, Estoniya, Polşa, Belçika, həmçinin Almaniya və Avstriyadan gedir.
Aİ-nin bir sıra siyasətçiləri azad mətbuatın təhdid altında olduğu və ya hakimiyyət tərəfindən təqib olunduğu ölkələrdə Azad Avropa/Azadlıq Radiosunun işinin auditoriyaya çatdırılmasında əhəmiyyətinə işarə edərək, Aİ-nin media təşkilatının maliyyələşdirilməsini tamamilə və ya bir hissəsini öz üzərinə götürməyə çağırıb.
Bazar ertəsi Aİ-nin xarici siyasət üzrə rəhbəri Kaya Kallas, qurumun “Azadlıq” radiosunun davam edən işini öz mənbələrindən maliyyələşdirməyi nəzərdən keçirəcəyini söyləyib, lakin Avropa hələlik problem “avtomatik” həll edəcəyinə söz verə bilmir.
Xatirə SADİQ