ABŞ 5 milyon dollar məbləğində “qızıl kart” satacaq
Amerika Birləşmiş Ştatları 5 milyon dollar məbləğində “qızıl kart” proqramını tətbiq edəcək.
SAVASHMEDİA.az CNN telekanalına istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.
Onun sözlərinə görə, “qızıl kart” ənənəvi yaşıl kartın premium analoqu olacaq. Bu, 5 milyon dollara başa gələcək və onu əldə etmək üçün yoxlamadan keçmək tələb olunacaq.
“Qızıl kart satacağıq. Sizin qrinkartınız var və bu isə qızıl kart olacaq. Təxminən 5 milyon dollara başa gələcək və qrinkartla eyni imtiyazları təmin edəcək, lakin vətəndaşlığa doğru əlavə yolla. Bu, zəngin insanların Birləşmiş Ştatlara cəlb edilməsinə imkan verəcək”, - deyə Tramp vurğulayıb.
Tramp “qızıl kart”ların satışının iki həftə ərzində başlayacağını bildirib. O, hesab edir ki, milyonlarla insanın onları ala biləcəyini güman edib.
Rusiya oliqarxlarının belə kartları alma ehtimalı ilə bağlı suala Tramp “bu mümkündür” cavabını verib: “Mən çox yaxşı insanlar olan bəzi Rusiya oliqarxlarını tanıyıram”.
ABŞ-nin ticarət naziri Hovard Lutnik aydınlıq gətirib ki, yeni proqram hökumətin investorlara viza verən mövcud EB-5 təşəbbüsünü əvəz edəcək.
“Əlbəttə, bütün iddiaçılar yüksək standartlara müvafiq gəlmələrini təsdiqləmək üçün hərtərəfli yoxlamadan keçəcəklər”, - deyə Lutnik əlavə edib.
Xatirə SADİQ