Trampın komandası Baydenin qərarına münasibət bildirdi
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Moskva ilə Kiyev arasında danışıqlar təşkil edəcək.
SAVASHMEDİA.az “CNN”ə istinadən xəbər verir ki, bunu Trampın keçid komandasının kommunikasiyalar üzrə direktoru Stiven Çunq hazırkı dövlət başçısı Co Baydenin Ukraynaya uzun mənzilli ATACMS raketlərindən istifadə etməyə icazəsi ilə bağlı xəbərləri şərh edərkən deyib.
“Prezident Trampın seçki kampaniyası zamanı dediyi kimi, o, hər iki tərəfi sülh danışıqları aparmaq, müharibəyə və qətllərə son qoymaq üzərində işləmək üçün bir araya gətirə biləcək yeganə şəxsdir”, - deyə Stiven Çunq bildirib.
O, Bayden komandasının qərarını birbaşa qiymətləndirməyib, eləcə də Trampın və ya onun gələcək müşavirlərinin Bayden administrasiyasından müvafiq xəbərdarlıq alıb-almaması ilə bağlı sualı da cavablandırmayıb.
Qeyd edək ki, ötən gün “The New York Times” xəbər verib ki, Bayden Ukrayna qoşunlarını təhdid edən Şimali Koreya qoşunlarının Kursk bölgəsində görünməsi səbəbindən Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün ATACMS-dən istifadəyə qoyulan məhdudiyyətləri aradan qaldırmaq qərarına gəlib.
“Le Figaro” da yazıb ki, Böyük Britaniya və Fransa “Storm Shadow” və SCALP raketləri ilə bağlı oxşar qərar qəbul ediblər.
“Reuters” yazıb ki, Ukrayna yaxın günlərdə uzaq mənzilli silahlardan istifadə etmək niyyətindədir.
Xatirə SADİQ