Aİ Çinin elektrik avtomobillərinə yüksək tarif qoydu – Bloomberg
Avropa İttifaqına (Aİ) üzv ölkələr Çindən gələn elektrik avtomobillərinə 45%-ə qədər tariflərin tətbiq edilməsinə səs verib.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatda deyilir ki, səsvermə zamanı 10 ölkə lehinə, Almaniya və daha 4 dövlət bunun əleyhinə, 12 dövlət isə bitərəf qalıb. Tariflərin son icrasına yol açan bu qərar qüvvəyə minərsə, rəsmi Pekinlə münasibətdə ticarət gərginliyini artıracaq.
Aİ üzvləri Çinin öz sənayesini ədalətsiz subsidiyaladığını aşkar edən araşdırmadan sonra belə səsveməyə gedib. Pekin bu iddianı rədd edir, Avropanın süd, konyak, donuz əti və avtomobil sənayesinə öz tariflərini tətbiq etməklə hədələyir.
Avropa Komissiyası artıq beş il müddətində qüvvədə olacaq tarifləri tətbiq etməyə başlaya bilər. Bundan öncə AK dəfələrlə bəyan edib ki, Çin Aİ-nin narahatlığını nəzərdən keçirəcəyi təqdirdə tariflər ləğv edilə bilər.
Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Aİ Çinlə “iqtisadi soyuq müharibə”yə doğru gedir.
Aİ fəal şəkildə Çindən asılılığını azaltmağa çalışır və Avropa Mərkəzi Bankının keçmiş prezidenti Mario Draghi keçən ay Çindən gələn rəqabətin Aİ üçün təhlükə yaratdığı barədə xəbərdarlıq etmişdi.
Xatirə SADİQ