Ailə başçısını itirməyə görə müavinət kimlərə verilir? - MƏBLƏĞ
Azərbaycanda ailə başçısını itirməyə görə verilən aylıq sosial müavinət 120 manatdır.
SAVASHMEDİA.az xəbər verir ki, bu müavinət, vəfat etmiş ailə başçısının aşağıdakı ailə üzvlərinə təyin edilir:
18 yaşına çatmamış uşaqlarına (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla);
18 yaşına çatmamış əlilliyi olan uşaqlarına (əlillik müddətinə qədər);
8 yaşınadək uşaqlara baxan və işləməyən valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə (uşağın 8 yaşına qədər).
Müavinət yalnız nağdsız qaydada, plastik bank kartları vasitəsilə ödənilir. Əgər müavinət alan şəxs vəfat edərsə, onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə birdəfəlik müavinət ödənilir .
Müraciət qaydası:
Sosial müavinətin təyin olunması üçün şəxs müavinət almaq hüququ yarandıqdan sonra aşağıdakı qurumlara müraciət edə bilər:
Yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun struktur bölməsinə;
“DOST” mərkəzinə;
“Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə”.
Tələb olunan sənədlər:
Vəfat etmiş şəxsin ölüm haqqında şəhadətnaməsinin surəti (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının surəti);
Uşaqlarının doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surətləri;
Əgər müavinət ərizəçi tərəfindən tələb olunursa, digər valideynin (qəyyumun, himayəçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti;
Əgər uşaq əyani təhsil alırsa, təhsil müəssisəsinin arayışı.
Müavinətin təyin olunması barədə müraciətə qeydə alındığı gündən ən geci 10 (on) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.
Yağmur