Almaniya kansleri Putinə zəng edəcək – “Die Zeit” nəşri detallardan yazdı
Almaniya kansleri Olaf Şolts yaxın həftələrdə Rusiya prezidenti Vladimir Putinlə əlaqə saxlamağı planlaşdırır.
SAVASHMEDİA.az xəbər verir ki, “Die Zeit” qəzeti bu barədə alman hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Nəşrin iddiasına görə, Şoltsun ətrafı noyabrda Braziliyada keçiriləcək G20 sammiti ərəfəsində Moskva ilə telefon danışıqları aparmağı planlaşdırır. Almaniya tərəfi hələ rəsmi olaraq danışıq tələb etməyib. Əgər bu, baş tutarsa, Şolts Macarıstanın Baş naziri Viktor Orbandan sonra son dövrdə Putinlə birbaşa əlaqə saxlayan ikinci Avropa lideri olacaq.
Şoltsla Putin arasında sonuncu telefon danışığı 2022-ci ilin dekabrında olub. Ukraynaya qarşı genişmiqyaslı müharibədən öncə Putin və Şolts tez-tez danışırdılar. Bu da səbəbsiz deyildi: kansler Moskvanı Ukraynaya hücum qərarından imtina etməyə inandırmağa çalışırdı.
2024-cü ilin iyununda Şolts “ARD” telekanalına demişdi ki, “danışacaq bir şey” olarsa, Putinlə danışa bilər.
Xatirə SADİQ