Alyaskada rus pilotları və jurnalistlərinə hörmətsizlik - “Şoka düşdük…”
Tramp-Putin görüşünü işıqlandırmaq üçün Alyaskaya uçan Rusiya pilotları və jurnalistləri yerli universitetin idman şəhərciyinin stadionunda yerləşdirilib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Moscow Times” yazıb.
Nəşr qeyd edib ki, əvvəllər bu bina COVID əleyhinə xəstəxana kimi fəaliyyət göstərib, indi isə müvəqqəti yaşayış mərkəzinə çevrilib. Bu addım Ankoricdə yüksək turizm mövsümü və qonaqların axını, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə izah olunsa da, jurnalistlərin və pilotların qarşılaşdığı durumun fotoları və təsvirləri internetdə sürətlə yayılmaqdadır.
Jurnalistlər müvəqqəti düşərgədə yerləşdirilib, onların yataq yerləri yalnız pərdələrlə ayrılıb.
“Kommersant”ın müxbiri Andrey Kolesnikovun sözlərinə görə, kişilər və qadınlar eyni sektorlarda yerləşdirilib. Burada xərəyə bənzəyən qatlanan çarpayılar var. Böyük qutularda əlavə dəsmal və tualet kağızı verilib. Obyektdə yemək xidməti təşkil olunmayıb, yalnız fəvvarələrdən içməli su verilir. Diş fırçalamaq üçün növbəyə durmaq lazımdır.
“Kimsə gördüklərindən elə şoka düşdü ki, düşündüm: süni nəfəs aparatları olan reanimasiya şöbələri haradadır?”, - deyə Kolesnikov yazıb.
Xatirə SADİQ