Appendisit nədir? - Əlamətləri və mərhələləri 

Appendisit kor bağırsağın ucunda yerləşən appendiksin (soxulcanabənzər çıxıntı) iltihabıdır. Qarın boşluğunun ən geniş yayılmış kəskin xəstəliyi hesab olunur.

May 31, 2025 - 22:00
Appendisit nədir? - Əlamətləri və mərhələləri 

SAVASHMEDİA.az xəbər verir ki, bu, təcili tibbi müdaxilə tələb edən vəziyyətdir, çünki müalicə olunmazsa, appendiks partlaya və həyati təhlükəli peritonitə (qarın boşluğu iltihabı) səbəb ola bilər.

Appendisit, adətən iki səbəbdən yaranır:

Appendiksin tıxanması - Bu, bəzən nəcis, yad cisim və ya limfa toxumasının şişməsi nəticəsində baş verir.
Bakterial infeksiya -  Tıxanma olduqda bakteriyalar sürətlə çoxalır və iltihab başlayır.

Appendisitin simptomları

Appendisit tədricən və ya qəfil şəkildə başlaya bilər. Ən çox rast gəlinən simptomlar bunlardır:

Erkən mərhələ - Göbək ətrafında yayılmış, bulanıq ağrı (ilk 6-12 saat ərzində), iştahsızlıq, yüngül qızdırma (37.5–38°C), ürəkbulanma və ya qusma, qəbizlik və ya ishal, qarında qaz və şişkinlik hissi özünü göstərir.

İrəliləyən mərhələ - Ağrının qarının sağ aşağı hissəsinə keçməsi, ağrının getdikcə artması və kəskinləşməsi, öskürək, hərəkət və dərin nəfəs alarkən ağrının şiddətlənməsi, qarında gərginlik, sərtləşmə və toxunmaya qarşı yüksək həssaslıqla müşayiət olunur.

Təhlükəli mərhələ – Perforasiya (partlama)

Əgər appendisit 24–72 saat ərzində diaqnoz və müalicə edilməzsə, appendiks partlaya bilər. Bu, ciddi ağırlaşmalara səbəb olur:
Peritonit (qarın boşluğunun iltihabı) – həyati təhlükə yarada bilər
Abses (irin yığılması)
Qan zəhərlənməsi (sepsis)
Bu mərhələdə qızdırma 39°C-dən yuxarı qalxır, ağrı yayılır, qarın taxtaya bənzər bərklik alır.

Xəstədə aşağıdakı hallardan biri və ya bir neçəsi varsa, təcili tibbi yardım çağırılmalıdır:

-    Qarnın sağ aşağı tərəfində 6 saatdan çox davam edən ağrı
-    Qusma ilə birlikdə ağrı
-    Hərəkət etdikcə və ya öskürəndə ağrının şiddətlənməsi
-    Qızdırmanın yüksəlməsi
-    Qəfil zəiflik, başgicəllənmə


Banu