Avropa Parlamenti Belarusdakı seçkiləri tanımamağa çağırdı
Avropa Parlamenti (AP) səs çoxluğu ilə Avropa İttifaqını (Aİ) Belarusda yanvarın 26-da keçiriləcək prezident seçkilərini tanımamağa çağıran qətnamə qəbul edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə AP-nin mətbuat xidməti məlumat yayıb.
Yanvarın 22-də günorta keçirilmiş səsvermə zamanı qətnamə layihəsinin lehinə 429 deputat, əleyhinə 205 deputat səs verib, 23 deputat bitərəf qalıb.
Qətnamədə Belarusda davam edən repressiyalar və seçkilər ərəfəsində onun intensivləşməsi pislənilib.
“Avropa Parlamenti Aİ-ni, üzv dövlətləri və beynəlxalq ictimaiyyəti bu səsvermədən sonra hazırkı diktator Aleksandr Lukaşenkonun prezident kimi legitimliyini tanımamağa çağırır. Lukaşenkonun prezident kimi tanınmamasını və bütün Belarus rejiminin qeyri-legitim olması mövqeyini vurğulayan Avropa Parlamenti deputatları Belarus xalqının demokratiya, azadlıq və insan hüquqlarına əməl edilməsi istiqamətində səylərinə sarsılmaz dəstəyini ifadə edir”, - deyə qətnamədə bildirilib.
Avropa parlamentariləri həmçinin Lukaşenko rejiminin Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsində iştirakını və onun “birlik dövləti” çərçivəsində Rusiyaya tabe subyektinə çevrilməsini pisləyiblər.
Qətnamədə daxili repressiyalarda və Rusiyanın Ukraynaya qarşı təcavüzündə iştirak edən və aidiyyəti olan Belarusun fiziki və hüquqi şəxslərinə qarşı sanksiyaları genişləndirməyə və gücləndirməyə çağırış yer alıb.
Xatirə SADİQ