İsrailə uçan təyyarəni qaçırmaq istəyən ərəb pilotun ŞOK İFADƏSİ - “Binaya çırpacaqdım”
“Flydubai” şirkətinin Dubay–Təl-Əviv reysində təyyarəni ələ keçirməyə və qəzaya uğratmağa cəhd etdiyi bildirilən ikinci pilotun dindirmə zamanı verdiyi ifadələrin bəzi detalları üzə çıxıb.
SAVASHMEDİA.az xəbər verir ki, İsrailin “The Jerusalem Post” nəşri istintaqa yaxın mənbəyə istinadla pilotun təyyarəni Ben-Qurion hava limanına çırpmağı planlaşdırdığını yazıb.
Məlumata görə, Hamam əl-Hammami dindirmə zamanı Təl-Əvivə uçuş həyata keçirən aviaşirkətləri əvvəlcədən araşdırdığını və buna görə “Flydubai”ni seçdiyini bildirib.
Pilotun ifadəsində bu planı aviaşirkətə işə qəbul olunmazdan əvvəl hazırladığı qeyd olunur.
“Arzum Ben-Qurion hava limanına çırpılmaq idi”, - onun dindirmə zamanı bildirdiyi yazılıb.
İstintaqa dair yayılan məlumatlara görə, əl-Hammami əvvəlcə təyyarənin kapitanını aradan götürərək idarəetməni ələ keçirməyi, daha sonra isə təyyarəni İsrail ərazisində hədəfə çırpmağı planlaşdırıb.
Onun ilkin olaraq Təl-Əvivdəki göydələnlərdən birini hədəf seçdiyi, sonradan isə Ben-Qurion hava limanına çırpılmaq niyyətində olduğu bildirilir. Lakin bu məlumatların hamısı hələlik istintaq mənbələrinə əsaslanır.
Pilot kimdir?
Əl-Hammami Oman vətəndaşı olan ərəbdir. O, Birləşmiş Ərəb Əmirliklərində Oman vətəndaşı ata və suriyalı ananın ailəsində dünyaya gəlib. Mənbələrin məlumatına görə, həyatının bir hissəsini BƏƏ-də, eləcə də Oman xaricində keçirib.
Pilotun keçmişi də istintaqın diqqət mərkəzindədir. Məlumata görə, o, daha əvvəl “Oman Air”də çalışıb. Burada onun radikal və ekstremist baxışları ilə bağlı narahatlıqlar yaranıb və uçuş təlimindən uzaqlaşdırıldığı bildirilir. Sonradan aviaşirkətdə başqa vəzifəyə keçirildiyi qeyd olunur.
CNN-in araşdırmasına görə, onun sosial şəbəkə hesablarında sərt dini mövqeləri əks etdirən materiallar olub. Bəzi paylaşımlarda “Əl-Qaidə” ilə əlaqəli şəxslərin görüntülərinin yer aldığı bildirilir. Bu paylaşımlar sonradan silinsə də, onların arxiv nüsxələrinin araşdırıldığı qeyd olunur.
“Ölümdən qorxmuram” deyib
“Wall Street Journal”a istinad edən son məlumatlarda əl-Hammaminin dindirmə zamanı təyyarəni qəsdən qəzaya uğratmaq istədiyini etiraf etdiyi və “ölümdən qorxmadığını” söylədiyi bildirilir.
Lakin onun konkret olaraq nə üçün belə bir hücum planlaşdırdığı hələ tam aydın deyil.
İstintaqçılar onun sosial şəbəkə fəaliyyətini, keçmiş əlaqələrini və hadisəni təkbaşına planlaşdırıb-planlaşdırmadığını araşdırırlar. Hazırkı məlumatlara görə, onun hər hansı silahlı təşkilatla əlaqəsi barədə təsdiqlənmiş məlumat yoxdur.
Hadisə necə baş vermişdi?
Sentyabrın 30-da Dubaydan Təl-Əvivə uçan “Flydubai” təyyarəsində əl-Hammaminin kapitana hücum etdiyi bildirilir. O, pilot kabinəsindəki fövqəladə hallar üçün nəzərdə tutulan balta ilə kapitana xəsarət yetirib və təyyarənin idarəetməsini ələ keçirməyə çalışıb.
Təyyarə qısa müddətdə təxminən 16 min fut aşağı enib. Kapitan kabinənint qapısını açdıqdan sonra sərnişinlər və ekipaj üzvləri hücum edən pilotu zərərsizləşdiriblər.
Təyyarədə olan digər pilotların köməyi ilə hava gəmisi Səudiyyə Ərəbistanının Tabuk şəhərinə təhlükəsiz şəkildə təcili eniş edib. BƏƏ Baş Prokurorluğu hadisəni “terror aktına cəhd” kimi qiymətləndirib.
Səlcuq