3 yaşında anası tərk edib, analığı onu... - Qardaşının öldürdüyü Gülarə ilə bağlı HƏR ŞEY

Bakıda 23 yaşlı rəssam Gülarə Mehdiyevanın ögey qardaşı tərəfindən qətlə yetirilməsi cəmiyyətdə böyük rezonans doğurub.

Nov 18, 2026 - 22:50
3 yaşında anası tərk edib, analığı onu... - Qardaşının öldürdüyü Gülarə ilə bağlı HƏR ŞEY

SAVASHMEDİA.az xəbər yerli mediaya və sosial şəbəkələrə istinadla 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyevanın öldürülməsi ilə bağlı təfərrüatları təqdim edir. 

Hadisə noyabrın 16-da paytaxtın Binəqədi rayonunun 9-cu mikrorayonunda, Həmzə Babaşov küçəsində yerləşən mənzildə baş verib.

Şərh yazan oğlan kimdir?

Gülarə ailəsi ilə birlikdə yaşadığı evdə 18 yaşlı ögey qardaşı Ayxan Mehdiyevin hücumuna məruz qalıb. Hadisə zamanı nə ata, nə də ana evdə olub.

İlkin məlumatlara əsasən, Ayxan dərsdən evə gəldikdən sonra bacısı ilə sosial şəbəkədəki fotolarına görə mübahisə edib. O, Gülarənin paylaşdığı şəkillərə tanımadığı oğlanların şərh yazmasına etiraz edib və fotoların silinməsini tələb edib. Gülarənin bu tələblə razılaşmaması mübahisənin böyüməsinə səbəb olub.

Məlumatlara görə, 18 yaşlı gənc mətbəxdə bacısına bıçaqla üç zərbə endirib. Zərbələrdən ikisinin ürək və boğaz nahiyəsinə dəydiyi bildirilir. Gülarənin səsini eşidən qonşular mənzilə gəlib və təcili tibbi yardım çağırıblar. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan gənc qızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra Ayxan Mehdiyev polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.

Gülarə ilə Ayxanın ailə tarixçəsi

Məlum olub ki, Gülarə ilə Ayxan ata bir, ana ayrı bacı-qardaşdırlar. Gülarənin valideynləri o, 3 yaşında olarkən - 2006-cı ildə ayrılıblar. Anasının evi tərk etməsindən sonra azyaşlı qız atasının himayəsində qalıb.

Gülarənin atası Ağa Mehdiyev 2007-ci ildə başqa xanımla ailə həyatı qurub. Ağa Mehdiyevin ikinci həyat yoldaşı Gülarəni də öz övladı kimi qəbul edib və beş uşağı birlikdə böyüdüb.

Atanın ikinci nikahından dörd övladı dünyaya gəlib. Həmin uşaqların ən böyüyü 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev olub.

Hər ikisi tələbə olub

Gülarə Mehdiyeva rəssam olub və çəkdiyi rəsmləri sosial şəbəkə hesablarında paylaşırmış. Qonşuları onu sakit, mehriban və ətrafındakılarla xoş münasibət saxlayan qız kimi xarakterizə ediblər.

Mətbuatda yayılan məlumata görə, Gülarə universitetin üçüncü kursunda, Ayxan isə birinci kursunda təhsil alıb. 

İstintaq davam edir

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Ayxan Mehdiyev saxlanılıb, hadisənin bütün səbəb və şəraitinin araşdırıldığı bildirilir.

Hazırladı: Aytən