Fazil Mustafa avtomobilinin QİYMƏTİNİ AÇIQLADI - “200 min deyil” 

Deputat Fazil Mustafa ilə Azad Vətən Partiyasının sədri Akif Nağı arasında qarşılıqlı ittihamlarla müşayiət olunan gərginlik davam edir.

Nov 18, 2026 - 21:51
Nov 18, 2026 - 22:11
Fazil Mustafa avtomobilinin QİYMƏTİNİ AÇIQLADI - “200 min deyil” 

SAVASHMEDİA.az xəbər verir ki, Fazil Mustafa Akif Nağının onun maddi vəziyyəti ilə bağlı səsləndirdiyi ittihamlara münasibət bildirib.

Belə ki, Akif Nağı deputatın var-dövlət içərisində üzdüyünü, 200 minlik maşın sürdüyünü və bahalı villada yaşadığını iddia etmişdi. 

Fazil Mustafanın cavabını təqdim edirik:

“Deyib ki, Fazil Mustafa 200 minlik maşın sürür, villalarda yaşayır, bu qədər pulu haradan alıb. Dönüb baxıram ki, axı mən 5 il işlənmiş durumda olan minik avtomobilimi 10 il öncə almışam. Bu həmin avtomobildir ki, üç il öncə həmin məxluqa bənzər başqa QUMcuqlar tərəfindən gülləbaran edilmişdi, yenə də təmir etdirib sürməyə davam edirəm. Həm də söylənən qiymətdən düz 10 dəfə ucuz avtomobildir, yenisini də almaq fikrim hələ ki yoxdur. Sonra anlaşıldı ki, Milli Məclisin komitə sədri olaraq verilən xidməti avtomobili nəzərdə tutubmuş. O da mənim şəxsi vəsaitimlə alınmayıb, dövlətə məxsus əmlakdır. Yaşadığım üç sot həyəti olan "villa" deyilən ikimərtəbəli evin də bir mərtəbəsi 20 minlik kitab zənginliyində bir şəxsi kitabxanadır, Azərbaycanın dəyərli insanlarından bir çoxu bu kitabxananı böyük zövqlə ziyarət ediblər. Yəni deyilsəydi, bu qədər kitabı Fazil Mustafa haradan, necə alıb, o halda daha məntiqli ittiham olardı. Mən də bu ittihama böyük şövqlə cavab verərdim. Həqiqətən də, aylıq maaşımın bir hissəsi yeni kitabları almağa sərf edilir".

Səlcuq