“O, dünya liderləri üçün yüngül hədəfdir” – Kamala Harris
ABŞ prezidentliyinə namizəd Kamala Harris rəqibi Donald Trampı qeyri-məhdud hakimiyyətə can atmaqda ittiham edib.
SAVASHMEDİA.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, indiki vitse-prezident bunu Vaşinqtonda keçirdiyi mitinqdə bildirib.
“Biz Donald Trampın kim olduğunu bilirik. Bu, qeyri-sabit, intiqama mübtəla olan, incikliyə və məhdudiyyətsiz hakimiyyət şəhvətinə qapılan adamdır”, - deyə Harris vurğulayıb.
O, xatırladıb ki, Donald Tramp 2020-ci il prezident seçkilərində məğlubiyyətini ləğv etdirmək üçün Kapitoliyə silahlı dəstə göndərib.
Xarici siyasətə toxunan Harris rəqibini milli təhlükəsizliyə təhdid adlandırıb. Bu zaman o, Donald Trampın Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In kimi avtokratlarla sıcaq münasibətlərinin olmasına diqqəti çəkib
“Dünya liderləri Donald Trampın yüngül hədəf olduğunu hesab edirlər. Onu yaltaqlıq və ya iltifat vasitəsilə asanlıqla manipulyasiya idarə etmək olar. Və Putin və Kim Çen In kimi avtokratların onu bu seçkidə dəstəklədiyinə şübhə etməyə bilərsiniz”.
Xatirə SADİQ