“Gürcü Arzusu”nun sədri istefa xəbərini təkzib etdi
Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili “Gürcü Arzusu”nun sədri vəzifəsini tərk edəcəyi ilə bağlı məlumatları təkzib edib.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Qaribaşvili bu xəbəri radikal müxalifətin dezinformasiyası adlandırıb.
“Bu gün radikal müxalifətin nəzarətində olan media mənim “Gürcü arzusu”ndan ayrıldığım barədə yalanlar yayır. Bu dezinformasiyanın yeganə məqsədi ictimaiyyəti çaşdırmaq və süni ajiotaj yaratmaqdır. Vurğulamaq istəyirəm ki, “Gürcü Arzusu”nun sədri kimi fəaliyyətimi davam etdirirəm, komandamızın üzvüyəm və istənilən digər məlumat həqiqətə uyğun deyil”, - deyə Qaribaşvili vurğulayıb.
Yada salaq ki, Qaribaşvilinin hakim partiya sıralarını tərk edərək biznesə başlaması barədə məlumatı “Pirveli” və “Mtavari arxi” televiziyaları yaymışdı.
Xatirə SADİQ