Lüksemburq Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı – “Spiegel”

Lüksemburqun xarici işlər naziri Ksavye Bettel Ukraynanın NATO üzvlüyünə qarşı çıxış edib.

Dec 4, 2024 - 11:39
Lüksemburq Ukraynanın NATO üzvlüyünə qarşı çıxdı – “Spiegel”

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Spiegel” məlumat yayıb.

Nazir bu fikrini dekabrın 3-də Brüsseldə NATO-ya üzv ölkələrin xarici siyasət idarələrinin rəhbərlərinin görüşündə səsləndirilib. Bettel qeyd edib ki, Ukraynanın Alyansa üzvlük ideyasını dəstəkləmir. O, mövqeyini yeni münaqişələrin yaranması riski ilə izah edib.

“Hesab edirəm ki, NATO üzvlüyü yenidən gərginlik gətirəcək”, - deyə Bettel vurğulayıb.

Eyni zamanda Bettel bildirib ki, Ukraynanın Avropa İttifaqına (Aİ) üzv olmaq perspektivlərini dəstəkləyir.

Bundan öncə kütləvi informasiya vasitələrində Almaniya və ABŞ-nin NATO-ya üzv olmaq üçün Ukraynaya rəsmi dəvətin verilməsini dəstəkləməyə hələ hazır olmadığı barədə məlumatlar yayılıb. Slovakiya və Macarıstan da Ukraynanı NATO-ya dəvət etməyin əleyhinədir.

Noyabrın 28-də məlum olub ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ölkəsinin NATO-ya dəvət olunması üçün Alyansdakı həmkarlarına müraciət edib. 

NATO ölkələri üzrə xarici işlər nazirlərinin görüşü ərəfəsində isə Ukrayna Xarici İşlər Nazirliyi ölkənin NATO üzvlüyünə alternativ formatlardan əvvəlcədən imtina etdiyini açıqlayıb.

Xatirə SADİQ