Cənubi Koreyanın prezidenti barrikada qurub
Cənubi Koreya hakimiyyəti barəsində impiçment elan edilmiş prezident Yun Suk-Yolu həbs etmək üçün ikinci cəhdə hazırlaşır.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentlik yazır ki, ölkə başçısı istintaqa çağırışa məhəl qoymayıb və iqamətgahında barrikada qurub.
Prezidentin Təhlükəsizlik Xidmətinin binanı tikanlı məftillərlə və barrikadalarla möhkəmləndirdiyi, Yun Suk-Yolun qaldığı güman edilən iqamətgaha girişi əngəlləmək üçün avtobuslardan istifadə etdiyi bildirilir.
Yüksək vəzifəli məmurlar arasında korrupsiyanın araşdırılması üzrə Baş İdarənin (CIO) rəhbəri Oh Donq-Von prezident kompleksində altı saatlıq gərgin qarşıdurmadan sonra keçən uğursuz həbs cəhdinə görə üzr istəyib.
O, prezident iqamətgahına girişin insan zənciri ilə bağlanmasından sonra həbs cəhdini dayandırıb.
“Biz bu dəfə diqqətlə, böyük əzmlə hazırlaşaraq məqsədimizə çatmaq üçün əlimizdən gələni edəcəyik ki, orderin ikinci icrası sonuncu olsun”, - deyə Oh Dong-Von parlament komitəsində bildirib
Xatirə SADİQ