Tramp birgə komissiyanın yaradılmasını planlaşdırır - NYP
Amerika prezidenti Donald Trampın “sülh planı” çərçivəsində atəşkəs rejiminə nəzarət etmək üçün birgə komissiyanın yaradılması nəzərdə tutulur.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) yazıb.
Nəşrin iddiasına görə, komissiyanın tərkibinə Ukrayna, Rusiya və NATO üzvü olmayan bir ölkənin nümayəndələri daxil edilməlidir.
“Sülh razılaşması”nın təfərrüatları hələ yekunlaşmasa da, administrasiyanın yüksək vəzifəli məmuru nəşrə bildirib ki, atəşkəs əldə olunarsa, Avropa qüvvələrinin Ukraynaya yerləşdirilməsini də daxil edə bilərlər.
“Ən çətini təhlükəsizlik qüvvələrinin necə görünəcəyidir. Biz onları dayanıqlıq qüvvələri adlandırırıq. Dayanıqlıq qüvvələri ukraynalıların istədiyi təhlükəsizlik təminatlarının bir hissəsidir və biz ümid edirik ki, onlar bunu əldə edəcəklər” – deyə məmur vurğulayıb.
Bundan başqa, atəşkəs rejiminə nəzarət etmək üçün ayrıca qüvvənin yaradılması da müzakirə olunur. Bu qüvvə də ruslar, ukraynalılar və NATO üzvü olmayan üçüncü ölkənin “birgə komissiyası” kimi görünəcək. Belə missiya hər iki tərəfin silahlarını yerə qoymasını təmin etmək üçün cəbhə xəttlərinə nəzarət edə bilərdi.
Məmurun sözlərinə görə, ABŞ də bu işə qarışa bilər, ancaq “yerdə uzunboğaz çəkmələrlə deyil, üçüncü tərəflə birlikdə maliyyə gücü kimi”.
“Wall Street Journal” bazar günü iddia edirdi ki, Trampın təklifi ABŞ-nin Ukraynanın Krım bölgəsini Rusiya ərazisi kimi tanımasını da əhatə edə bilər.
Hərçənd “The New York Post” bu məlumatı müstəqil şəkildə yoxlaya bilmədiyini qeyd etsə də, Tramp administrasiyasının yüksək səviyyəli məmuru cümə günü bildirib ki, Kiyev keçən həftə danışıqlar zamanı Amerika nümayəndə heyəti ilə razılaşmanın “quru sahə” hissəsi, yəni Ukraynanın Rusiya tərəfindən işğal olunmuş hissələrinin Rusiya Federasiyasının suveren ərazisi kimi tanınması ilə bağlı narahat görünürdü.
Amerikalı məmur iddia edib ki, Ukrayna, deyəsən, ərazinin “de-yure” tanınması deyil, “de-fakto” hesab edilərsə, “öz torpaqlarının 20 faizindən imtina etməyə hazırdır”.
Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski dəfələrlə mətbuat konfranslarında bəyan edib ki, ukraynalılar işğal olunmuş ərazilərinin Rusiya torpaqları kimi tanınması fikri ilə heç vaxt razılaşmayacaqlar.
Bundan başqa, Parisdə amerikalılarla danışıqlar gedərkən Zelenski diqqətə çatdırdı ki, Ukrayna nümayəndə heyəti ərazi barədə danışmaq haqqında mandata malik deyil.
Xatirə SADİQ