Azərbaycanda qızılın 1 qramı neçəyədir? - Yeni QİYMƏTLƏR

Azərbaycan bazarında 585 əyarlı qızılın bir qramı 150-170 manat, 750 əyarın 190-220 manat, 999 əyarın isə 230-260 manat arasında satılır.

Nov 4, 2026 - 20:55
Azərbaycanda qızılın 1 qramı neçəyədir? - Yeni QİYMƏTLƏR

SAVASHMEDİA.az xəbər verir ki, bunu iqtisadçı, Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyəti sədrinin müavini Rövşən Əmircanov Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, son günlər qızılın dünya bazarında qiyməti ucuzlaşaraq bir troya unsiyası üçün 3900 dollardan aşağı düşüb. Buna yüksək faiz dərəcələri, inflyasiya narahatlıqları, dolların möhkəmlənməsi və neft qiymətlərinin artması təsir göstərib.

Ekspert qeyd edib ki, dünya bazarında qiymətin enməsi Azərbaycanda qızıl məmulatlarının satışına dərhal və eyni həcmdə təsir etmir. Yerli qiymətlərə işçilik, dizayn, idxal, logistika xərcləri, vergilər və satıcıların ticarət marjası da təsir göstərir.

Əmircanov əlavə edib ki, almaz və digər qiymətli daşların qiyməti onların ölçüsü, keyfiyyəti, rəngi və mənşəyindən asılıdır. Buna görə də qızılın ucuzlaşması daşlı və mürəkkəb işləməli zinət əşyalarının qiymətinə daha məhdud təsir edə bilər.