Maaş almayan futboloçular meydana çıxmadı, oyun təxirə salındı - Azərbaycanda
Peşəkar Futbol Liqasının (PFL) Media və Marketinq direktoru Sənan Abdullayev Azərbaycan 1-ci Liqasının 7-ci turunun baş tutmayan “Mingəçevir” – “Şahdağ Qusar” matçı ilə bağlı açıqlama verib.
SAVASHMEDİA.az-ın xəbərinə görə, S.Abdullayev qol.az saytına bildirib ki, meydan sahibi komanda təyin olunmuş vaxtda stadiona gəlməyib:
“Prosedura uyğun olaraq, oyun vaxtı təyin olunub. Rəqib komanda və matçın təşkilinə cavabdeh olan şəxslər müəyyənləşdirilmiş vaxtda stadionda olublar.
Meydan sahibi “Mingəçevir” komandası təyin olunmuş vaxtda stadiona gəlməyib. Əsasnaməyə uyğun olaraq, 30 dəqiqə gözlənilib və matç baş tutmamış hesab olunub. Bununla bağlı yekun qərar İntizam Komitəsinin səlahiyyətindədir”.
Qeyd edək ki, “Mingəçevir”in futbolçuları uzun müddətdir maaşlarını ala bilmədiklərinə görə oyuna çıxmaqdan imtina ediblər. Bu səbəbdən komandaya texniki məğlubiyyət veriləcəyi gözlənilir.