Azərbaycanda maşın qiymətinə pişik satılır - Savanna cinsi niyə bahadır?
Bəzi pişik cinslərinin satış qiymətləri avtomobilin qiymətləri ilə müqayisə ediləcək səviyyəyə çatıb.
SAVASHMEDİA.az xəbər verir ki, Azərbaycanın elan saytlarında Savanna cinsli pişik balaları 10 min dollara, yəni təxminən 17 min manata satışa çıxarılıb.
Bəs Savanna pişiklərini bu qədər bahalı edən nədir?
Savanna cinsi ev pişiyi ilə Afrikada yaşayan serval adlı vəhşi pişiyin cütləşdirilməsindən əldə edilən hibrid növdür. Uzun ayaqları, iri qulaqları, xallı dərisi və zərif bədən quruluşu bu heyvanlara vəhşi pişikləri xatırladan görünüş verir.
Onların qiymətinə təsir edən əsas amillərdən biri də genetikasının vəhşi əcdadlarına çox yaxın olmasıdır. Məsələn, servalla birbaşa cütləşdirmədən əldə edilən F1 nəsli daha nadir və bahalı hesab olunur. Sonrakı nəsillər isə genetik baxımdan ev pişiyinə daha yaxındır.
Yetişdirilməsi çətindir
Savanna pişiklərinin baha olmasının digər səbəbi onların çoxaldılmasının çətinliyidir. Serval ilə ev pişiyinin cütləşdirilməsi hər zaman uğurlu alınmır. Hamiləlik və balaların dünyaya gəlməsi ilə bağlı çətinliklər də yetişdiricilərin xərclərini artırır.
Bundan başqa, heyvanların saxlanması, baytar müayinələri, genetik yoxlamalar və balalara xüsusi qulluq göstərilməsi də qiymətə təsir edir. Nadir nəsillərə aid balaların sayının məhdud olması və onlara tələbatın yüksəkliyi qiymətləri daha da artırır.
Oğuz