Mbappe Çini ayağa qaldıran zarafatına görə ÜZR İSTƏDİ - Nə demişdi?

“Real Madrid”in hücumçusu Kilian Mbappenin Çinin keçmiş lideri Mao Tszedunla bağlı internet memi haqqında fikirləri ölkədə ciddi narazılığa səbəb olub. 

Oct 28, 2026 - 14:03
Mbappe Çini ayağa qaldıran zarafatına görə ÜZR İSTƏDİ - Nə demişdi?

SAVASHMEDİA.az xəbər verir ki, qalmaqaldan sonra üç Çin şirkəti futbolçu ilə əməkdaşlığı dayandırıb, Mbappe isə üzr istəyib.

Hadisəyə səbəb futbolçunun Fransa internet proqramı “The Bridge” üçün verdiyimüsahibədən yayılan görüntülər olub.

Müsahibədə Mbappedən özü ilə bağlı ən çox güldüyü internet memi soruşulur. O, üzünün başqa bir şəxsin şəklinə montaj edildiyi görüntünü xatırladaraq həmin şəxsin Çin diktatoru olduğunu düşündüyünü deyir. Ardınca ekranda Mao Tszedunun bədəninə Mbappenin üzü yerləşdirilmiş montaj nümayiş olunur.

Futbolçunun bu sözləri Çində kəskin reaksiyaya səbəb olub. Mao Tszedun 1949-cu ildə Çin Xalq Respublikasının qurucusu olub və 1976-cı ildə vəfat edənədək ölkəyə rəhbərlik edib. Onun adı Çin tarixində xüsusi siyasi və simvolik əhəmiyyət daşıyır.

Narazılıq fonunda Çinin "Dongpeng", "Mengniu" və "Milkground" şirkətləri Mbappe ilə əməkdaşlığı dayandırdıqlarını açıqlayıblar. Çin Futbol Assosiasiyası isə futbolçudan və “Real Madrid”dən ictimai üzr tələb edib.

Bundan başqa, Çin dövlət media qurumu La Liqa oyunlarının yayımını dayandırdığını və Mbappe ilə bağlı reklamları yayımından çıxardığını bildirib.

Mbappe açıqlamasında şərhinin düşünülməmiş olduğunu etiraf edib və sözlərinin Çində, eləcə də dünyanın digər yerlərində yaşayan çinliləri incitdiyini anladığını bildirib.

“Dediklərimdən inciyən hər kəsdən üzr istəyirəm. Məqsədim bu olmayıb. Çin xalqına və onun tarixinə dərin hörmət bəsləyirəm”, - futbolçu bildirib.

İspaniya La Liqasının prezidenti Xavyer Tebas da Çinli azarkeşlər arasında yaranan narazılığa görə təəssüfləndiyini açıqlayıb.

Oğuz