İsveçrə gözəlindən Trampla bağlı ŞOK İDDİA - “Məni arxadan tutaraq zorladı” + FOTO
ABŞ-də Prezident Donald Tramp barəsində yeni cinsi zorakılıq ittihamları irəli sürülüb.
SAVASHMEDİA.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Hüquq Komitəsinin demokrat üzvləri Epşteyn işi üzrə sənədlər və zərərçəkmiş şəxslərin ifadələri əsasında hazırladıqları 53 səhifəlik hesabatı oktyabrın 26-da ictimaiyyətə açıqlayıblar.
Hesabatda keçmiş İsveçrə gözəli və model Beatris Keulun 1993-cü ildə, 24 yaşında olarkən Tramp tərəfindən otel otağında zorlandığı iddiasına yer verilib.
Keulun sözlərinə görə, hadisələr Trampın sponsorluğu ilə keçirilən “Amerika arzusu” gözəllik müsabiqəsi zamanı başlayıb. O, tədbir çərçivəsində təşkil olunan nahar zamanı Trampla, daha sonra isə Cefri Epşteynlə tanış olduğunu bildirib.
Modelin sözlərinə görə, Tramp ona ABŞ vizası almasına və Nyu-York Universitetinə qəbul olunmasına yardım göstərəcəyini deyib və prosesdə yaxın çevrəsindən olan Paolo Zampollinin də kömək edəcəyini bildirib.
Hesabatda yer alan ifadəyə əsasən, Tramp Keulu qaldığı oteldəki apartament tipli nömrəyə dəvət edib və orada ona qarşı cinsi zorakılıq törədib. Keul Trampın onu arxadan tutaraq zorladığını, hadisədən sonra bədəninin müxtəlif nahiyələrində göyərmələr və qanaxmalar yarandığını iddia edib.
Model bildirib ki, həmin hadisədən sonra susmağa məcbur edilib və yenidən ona ABŞ vizası ilə universitetə qəbul olunmaq barədə vədlər verilib. Keul pasportu əlindən alındığı üçün tədbiri dərhal tərk edə bilmədiyini deyib. O, İsveçrəyə qayıtdıqdan bir neçə həftə sonra Havay adalarında keçirilməsi planlaşdırılan başqa bir gözəllik müsabiqəsində iştirak təklifindən imtina edib.
Hesabatda Keulun 2024-cü ildə verdiyi müsahibədə Trampın ona qarşı cinsi zorakılığa cəhd etdiyini danışdığı bildirilib. Həmin müsahibədə hadisənin cəhd mərhələsində qaldığı qeyd edilsə də, yeni hesabatda zorlama iddiası yer alıb. İki açıqlama arasındakı fərqin səbəbi sənəddə izah edilməyib.
Hesabatda ümumilikdə 11 qadının ifadələri və onlarla əlaqəli sənədlər araşdırılıb. Demokrat komitə üzvlərinin bildirdiyinə görə, həmin qadınlardan beşi Trampın onları Epşteynin iştirak etdiyi mühitlərdə və ya onunla əlaqəli hadisələr zamanı zorladığını iddia ediblər. Digər ifadələrdə isə Epşteynin və onun ortağı Gileyn Maksvellin bəzi qadınları Trampla görüşdürməyə çalışdığı bildirilib.
Sənədin hazırlanması zamanı zərərçəkmiş şəxslərlə müsahibələrdən, Federal Təhqiqatlar Bürosunun (FBI) qeydlərindən və Epşteyn işi üzrə ictimaiyyətə açıqlanan materiallardan istifadə edilib.
Ağ Ev ittihamları rədd edib
Hesabatın yayılmasından sonra Ağ Evin sözçüsü Loren Bis demokratların irəli sürdüyü ittihamları rədd edib və sənədin siyasi məqsədlərlə hazırlandığını bildirib:
“Bu “hesabat” prezident Trampın tarixi nailiyyətləri sayəsində güclənən respublikaçıların yüksəlişindən amerikalıların diqqətini yayındırmaq üçün ümidsiz vəziyyətdə olan demokratların çılğın cəhdindən başqa bir şey deyil”.
Ağ Ev həmçinin Trampın vaxtilə Epşteyni Mar-a-Laqo klubundan uzaqlaşdırdığını bildirərək prezidentin Epşteynlə əlaqəli hər hansı cinayət törətmədiyini bildirib.
Demokratlar müstəqil araşdırma tələb edir
Hesabatda ABŞ Ədliyyə Nazirliyinin Epşteyn işi üzrə fəaliyyəti də tənqid olunub. Demokratlar bəzi araşdırmaların dayandırıldığını, müəyyən sənədlərin ictimaiyyətdən gizlədildiyini və mümkün cinayət ortaqları ilə bağlı sübutların lazımi səviyyədə araşdırılmadığını iddia ediblər.
Sənəddə baş prokuror Todd Blanşın 2025-ci ilin iyulunda Gileyn Maksvelllə görüşü zamanı Trampla əlaqəli olduğu iddia edilən zərərçəkmiş şəxs barədə danışılmasına mane olduğu da irəli sürülüb. Demokratlar bu məsələnin şahidə müdaxilə və ədalət mühakiməsinə mane olma baxımından araşdırılmasını istəyiblər.
Nümayəndələr Palatasının Hüquq Komitəsinin yüksək vəzifəli demokrat üzvü, Merilend ştatından olan konqresmen Ceymi Raskin hesabatın açıqlanmasından sonra müstəqil xüsusi prokuror təyin olunmasına çağırıb.
“Müstəqil xüsusi prokuror Epşteynin cinayət ortaqlarını və Ədliyyə Nazirliyinin həqiqətləri ört-basdır etmək cəhdini araşdırmalı, həmçinin ştatların və xarici ölkələrin prokurorlarının ədaləti təmin etmək üçün ehtiyac duyduqları sübutlara sahib olmalarını təmin etməlidir”, – Raskin bildirib.
Qeyd edək ki, hesabat ABŞ-də 2026-cı il noyabrın 3-də keçiriləcək aralıq seçkilərə səkkiz gün qalmış açıqlanıb.
Banu