Moskvada terror ittihamı ilə iki azərbaycanlı saxlanılıb? – Rus mediası ADLARI AÇIQLADI

Moskvada raketdən müdafiə sisteminin vacib elementinə və elektrik enerjisi obyektinə dron hücumu hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb. 

Oct 26, 2026 - 20:39
Moskvada terror ittihamı ilə iki azərbaycanlı saxlanılıb? – Rus mediası ADLARI AÇIQLADI

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

FTX-nin məlumatına görə, Cənubi Qafqazdan olan 1991 və 1998-ci il təvəllüdlü iki nəfər Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) tapşırığı ilə hücum hazırlamaqda şübhəli bilinir. Onların FPV dronları vasitəsilə Moskvadakı enerji obyektinə və raketdən müdafiə sisteminin əsas elementlərindən birinə zərbə endirməyi planlaşdırdıqları iddia olunur.

Rusiya xüsusi xidmət orqanının versiyasına görə, şübhəlilər Smolensk və Kaluqa vilayətlərindəki gizli saxlanclardan dronlar və əldəqayırma partlayıcı qurğuların hissələrini götürüblər. Daha sonra pilotsuz uçuş aparatlarını hücuma hazırlayaraq Moskva vilayətindəki buraxılış məntəqəsinə çatdırıblar. Dronların Ukrayna ərazisindən məsafədən idarə olunması nəzərdə tutulub.

Rusiya tərəfi bildirir ki, şübhəlilər hücumu həyata keçirməyə hazırlaşarkən saxlanılıblar. Onlar barəsində terrorçu birlikdə iştirak ittihamı ilə cinayət işi açılıb və həbs qətimkan tədbiri seçilib.

Saxlanılanlar azərbaycanlıdır?

Rusiyanın müstəqil nəşri olan "Mediazona"nın araşdırmasına görə, saxlanılanlar 34 yaşlı Seydaq Çərkəsov və 28 yaşlı Ruslan Babayev ola bilər. Nəşr onların Azərbaycan vətəndaşları olduğunu ehtimal edir.

Məlumata əsasən, hər iki şəxs sentyabrın ortalarında Moskvanın Lefortovo Rayon Məhkəməsinin qərarı ilə həbs olunub. Onların adları oktyabrda Rusiyanın terrorçular və ekstremistlərlə bağlı reyestrində də yer alıb.

Qeyd edək ki, Rusiya FTX-si saxlanılanları Cənubi Qafqazdan olan şəxslər kimi təqdim etsə də, rəsmi açıqlamada onların vətəndaşlığı göstərilməyib. Azərbaycan vətəndaşı olmaları barədə məlumat hələlik Mediazona nəşrinin araşdırmasına əsaslanır.

Oğuz