"Bacımın qisasını almağa gəlmişəm" - Yeznəni tapmadı, anasını vurdu

Bacısını döydüyünə görə yeznələrinin evinə gedən şəxs onun anasına iki bıçaq zərbəsi vuraraq ağır yaralayıb. 

Oct 27, 2026 - 01:01
"Bacımın qisasını almağa gəlmişəm" - Yeznəni tapmadı, anasını vurdu

SAVASHMEDİA.az xəbər verir ki, hadisə zamanı qadının azyaşlı nəvəsi də orada olub.

Məhkəmə materiallarına görə Nadir (ad şərtidir) hadisə günü toy məclisindən evə sərxoş vəziyyətdə qayıdıb. Bacısının həyat yoldaşı tərəfindən döyüldüyünü və iki uşağı ilə ata evinə qayıtdığını öyrənəndən sonra yeznəsi Anarla (ad şərtidir) görüşmək qərarına gəlib.

O, mətbəxdən bıçaq götürərək Anarın yaşadığı evə yollansa da, yeznəsini evdə tapmayıb. Həyətdə Anarın anası, 1955-ci il təvəllüdlü Fatma (ad şərtidir) ilə qarşılaşıb. Nadir bacısının və anasının qisasını almağa gəldiyini, onları öldürəcəyini deyib.

Mübahisə zamanı Nadir yaşlı qadının qarın nahiyəsinə iki bıçaq zərbəsi vurub. Nəticədə qadının yoğun bağırsağı zədələnib, daxili qanaxma başlayıb. Xəsarətlər həyat üçün təhlükəli ağır kimi qiymətləndirilib.

Təqsirləndirilən şəxs məhkəmədə qadına iki bıçaq zərbəsi vurduğunu etiraf etsə də, xüsusi amansızlıqla hərəkət etməsi və zərərçəkmişin köməksiz vəziyyətdə olması ilə bağlı ittihamları qəbul etməyib. O, qadının üzərinə kürəklə gəldiyini bildirərək özünü müdafiə etdiyini iddia edib, törətdiyi əmələ görə peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Nadir Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib və 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Səlcuq