"Anamla sevgili olduğunu bilirdim, özünə də demişdim ki..." - CİNAYƏT İŞİ
Gəncə Ağır Cinayətlər Məhkəməsində anasının münasibətdə olduğu kişiyə bıçaqla xəsarətlər yetirən şəxsin cinayət işinə baxılıb.
SAVASHMEDİA.az xəbər verir ki, prosesdə cinayəti törədən Azad Həsənova (ad-soyad şərtidir-red) hökm oxunub.
İttiham aktına əsasən, hadisə 2025-ci ildə səhər saatlarında baş verib. Bakı şəhərində işləyən Azad Həsənov ata evinə qayıdarkən evlərinin həyətində anası ilə münasibətdə olan Zaur Əhmədovu (ad-soyad şərtidir-red) görüb.
Özünü qismən təqsirli bilən Azad Həsənov zərərçəkmişlə əvvəllər də aralarında münaqişə olduğunu deyib:
“Zaura əvvəlcədən xəbərdarlıq etmişdim. Anamla sevgi münasibətində olduğunu 2023-cü ildə bilmişəm. Həmin vaxt onu döymüşəm. O hadisədən sonra ata evimi də tərk edib başqa-başqa yerlərdə yaşamışam. Daha sonra iş taparaq Bakıya getdim. O vaxtdan anam evdə tək yaşayıb və onunla heç bir ünsiyətim olmayıb. Yaşadığım şəhərə 2 il sonra - 2025-ci ildə qohumumuzun oğlunun kiçik toy məclisinə dəvət olunduğum üçün qayıtmışam. Həmin vaxt qış paltarlarımı götürmək üçün evimizə getdim. Qapını açıb həyətə girəndə Zauru gördüm və əsəbi şəkildə ondan burada nə etdiyini soruşdum. Qaçmağa başladı. Arxasınca butulka atdım dəymədi, ona yaxınlaşanda isə əlində xırda bıçaq olduğunu gördüm. Əvvəlcə əlindən bıçağı aldım, əsəbimi cilovlaya bilmədiyim üçün zərbələr endirməyə başladım. Niyyətim öldürmək deyildi. Onu buraxdım, qaçıb həyətdən çıxdı. Daha sonra bıçağı da götürərək polis şöbəsinə getdim”.
Zərərçəkmiş Zaur Əhmədov isə məhkəmədəki ifadəsində hadisə günü arılara qulluq etmək üçün Azadgilin evinə getdiyini deyib:
“Onların həyətində arılar var. Anası 3 günlük qızıgildə olacağını deyərək məndən arılarına yem verməyimi istəmişdi. Azad məndən niyə həyətlərində olduğumu soruşanda ona da səbəbini demişdim”.
Məhkəmədə şahid qismində dindirilən Azad Həsənovun anası hadisə günü evdə olmadığını təsdiqləyib:
“Həmin gün mən qızımın evində idim. Hadisədən də xəbərim olmayıb. Mənə olanları Zaur zəng edərək xəbər verib. Ondan sonra taksiyə minərək evimə qayıtmışam. Oğlumla illərdir görüşmürük”.
Zaur Əhmədov məhkəməyə təqdim etdiyi ərizədə Azad Həsənovla barışdığı, ona dəymiş ziyanın tam ödənildiyi üçün təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirib.
Verilən ifadələr və zərərçəkmişin ərizəsi əsasında məhkəmə Azad Həsənov barəsində hökm çıxarıb. Hökmə əsasən, Azad Həsənov Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Banu