Seçkidə qalib gələn Demokratlar Trampı hədələdi - "Özünə vəkil tut"
ABŞ-də aralıq seçkilərində Demokratlar Partiyasının qələbəsindən sonra Prezident Donald Trampa qarşı araşdırmaların başlanacağı gözlənilir.
SAVASHMEDİA.az xəbər verir ki, Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları Komitəsinin demokrat üzvü Robert Qarsiya seçkilərin nəticələrindən sonra Trampa və onun komandasına sərt mesaj ünvanlayıb.
“Özünüzə vəkil tutun!” - Qarsiya X sosial şəbəkəsində yazıb.
Demokrat siyasətçi Tramp ailəsinin biznes əlaqələri, mümkün korrupsiya halları, İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) fəaliyyəti, eləcə də Ceffri Epşteyn işi ilə bağlı sənədlərin araşdırılacağını bildirib.
Demokrat konqresmen Piter Aqilar isə araşdırmaların istiqamətləri barədə danışarkən bildirib:
“Genişmiqyaslı araşdırmalar olacaq. Araşdırılmalı çox məsələ var. Amerika ictimaiyyətinin bizdən araşdırmağımızı istədiyi məsələlər isə korrupsiya, şəxsi maraqların dövlət vəzifəsindən istifadə edilməklə təmin olunması və vergi ödəyicilərinin pullarının mənimsənilməsidir”.
Qeyd edək ki, Demokratların Konqresdə çoxluq əldə etməsi onlara komitələrə rəhbərlik etmək, sənədlər tələb etmək, şahidləri dinləmələrə çağırmaq və məcburi çağırışlar göndərmək imkanı verəcək. Yeni Konqresin yanvar ayında fəaliyyətə başlaması gözlənilir.
Oğuz