Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran Sevil İsmayılovanın FOTOSU

Prezident Administrasiyasının (PA) sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işində adı çəkilən "Şərq-Qərb" nəşriyyat evinin rəhbəri Sevil İsmayılova ilə bağlı maraqlı məqamlar üzə çıxıb.

Nov 4, 2026 - 16:59
Nov 4, 2026 - 17:20
Mehdiyevin çevriliş planını Rusiyaya çatdıran Sevil İsmayılovanın FOTOSU

SAVASHMEDİA.az gununsesi-yə istinadla xəbər verir ki, Ramiz Mehdiyevin cinayət işi üzrə materialların araşdırması zamanı məlum olub ki, keçmiş PA rəhbəri yazdıqlarını Rusiyanın yüksəkvəzifəli şəxslərinə Sevil İsmayılova vasitəsilə çatdırırmış. 

İş materiallarından aydın olur ki, Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyasına dair təklifləri əks etdirən sənədin çapı və Rusiya tərəfinə çatdırılması prosesində S.İsmayılovanın adı xüsusi olaraq çəkilir.

Fotoda Sevil İsmayılova

Ramiz Mehdiyev ifadəsində bildirib ki, hazırladığı əlyazmada Azərbaycanın son beş ildə üzləşdiyi siyasi və idarəetmə problemləri, ölkədə yaranmış vəziyyət və gələcək perspektivlər öz əksini tapıb. İttiham aktında onun ifadəsindən bəzi hissələr yer alıb:

"Əlyazmanın məzmunu xatirimdədir. Onu şəxsən özüm avqustdan təxminən bir ay öncə hazırlamağa başlamışdım. Əlyazmanın çapını Sevil İsmayılovaya həvalə etmişdim".

Mehdiyev bildirib ki, sənədin çatacağı ünvan Rusiyanın Xarici Kəşfiyyat Xidməti olub.

İş materiallarına əsasən, Sevil İsmayılova həmin əlyazmanı Narişkinə onun müavini Rəşad Kurbanov vasitəsilə çatdırmalı imiş. Bununla yanaşı, sənədin Rusiyanın digər yüksək vəzifəli şəxslərinə də göndərilməsi nəzərdə tutulub.

Bundan başqa, iş materiallarında Ramiz Mehdiyevlə Sevil İsmayılova arasında baş tutmuş telefon danışığının təfərrüatları da öz əksini tapıb. Sənəddə göstərilir ki, həmin danışıq zamanı Ramiz Mehdiyev hazırladığı "Azərbaycanda dövlət idarəetmə sisteminin transformasiyası üzrə təklif" adlı sənədin Rəşad Kurbanova göndərilməsini istəyib. Danışıq zamanı sənədin iki nüsxədə hazırlanması məsələsi də müzakirə olunub.

Sevil İsmayılovanın həmin telefon danışığının mətnində işlətdiyi bu ifadə də diqqət çəkib:

"Mən ona dedim ki, iki nüsxədə olacaq, biri bir nəfərə, digəri başqasına".