Dambrauskasdan "Vikinq"lə oyun öncəsi AÇIQLAMA - "Çətin olacaq"
“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas “Vikinq”lə qarşılaşma öncəsi komandasının hazırlığı, rəqibin gücü və futbolçuların fiziki durumu barədə danışıb.
SAVASHMEDİA.az xəbər verir ki, litvalı mütəxəssis süni örtüklü meydanda oynamağın çətinliklərinə baxmayaraq, bunun matçın nəticəsinə həlledici təsir göstərməyəcəyini düşünür.
“UEFA və FİFA belə meydanlarda oynamağa icazə verirsə, biz də qaydalara əməl edirik. Düşünürəm ki, meydanın örtüyü qalibin müəyyənləşməsində əsas amil olmayacaq. Taktika, texnika, psixoloji hazırlıq və atmosfer daha vacib rol oynayacaq”, - Dambrauskas bildirib.
Baş məşqçi komandanın sıx oyun qrafiki və səfər yorğunluğundan da danışıb:
“Qarşıdakı 28 gün ərzində 8 matç keçirəcəyik. Bu, asan deyil. Amma hər bir futbolçu mənim komandamın üzvlərinin yerində olmaq, Çempionlar Liqasında çıxış etmək istərdi. Norveçə 23 hazır futbolçu gətirmişik. Bir neçə gün əvvəl qatarla 6 saat yol getdik, sonra evə qayıtmaq üçün yenidən 6 saat sərf etdik. Dünən isə 5 saatlıq uçuşla Norveçə gəldik. Bütün bunlardan sonra bərpa olunmaq çətindir. Futbolçuların məşqə və oyuna tam hazır vəziyyətə gəlməsinə diqqət yetirməliyik. Rəqibi təhlil etmişik və Norveç çempionatında rəqabətin yüksək olduğunu görürük”.
Qeyd edək ki, “Vikinq” - “Sabah” qarşılaşması noyabrın 5-də Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Aytən