ABŞ-nin cənub sərhədi bağlandı – Trampın fərmanı
ABŞ prezidenti Donald Tramp yanvarın 22-də ölkəsinin cənub sərhədinin qeyri-qanuni miqrantlar üçün bağlanması haqqında fərman imzalayıb.
SAVASHMEDIA.az xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yayılıb.
Məlumatda bildirilib ki, prezident immiqrasiya və vətəndaşlıq qanununa əsasən qeyri-qanuni əcnəbilərin ABŞ-nin cənub sərhədində fiziki girişinin qarşısını almaq səlahiyyətinə malikdir.
Məlum olub ki, Bayden hakimiyyəti dövründə bəzi ştatlar, o cümlədən Texas federal hökumətdən miqrant müdaxilələrindən müdafiə olunmasını istəsə də, hökumət onları ölkəyə qeyri-qanuni şəkildə daxil olan milyonlarla əcnəbidən qoruya bilməyib.
Fərmana əsasən, Daxili Təhlükəsizlik Nazirliyinə, Ədliyyə Nazirliyinə və Dövlət Departamentinə cənub sərhədini keçən sənədsiz miqrantların dərhal çıxarılması üçün bütün lazımi tədbirləri görməyə göstəriş verilib.
“Amerikanın səsi” xəbər verib ki, Pentaqon yaxın günlərdə cənub sərhədinin təhlükəsizliyini təmin etmək üçün orada 1500-ə qədər hərbçi yerləşdirəcək. Bu qoşunlar artıq sərhəddə olan 2500-ə yaxın Milli Qvardiyaçı və ehtiyatda olan əsgərlərə qoşulacaq. Hazırda sərhəddə ABŞ Müdafiə Nazirliyinin qüvvələri yoxdur.
Xatirə SADİQ