“Nadir hallarda içir, siqaret çəkmir, ən əsası isə...” – Kamala Harrisin həkimi hesabat yaydı 

ABŞ-nin vitse-prezidenti və ölkə prezidentliyinə namizəd Kamala Harrisin həkimi Coşua Simmons seçkilərə bir ay qalmış onun səhhəti ilə bağlı hesabat yayıb.

Oct 12, 2024 - 22:01
“Nadir hallarda içir, siqaret çəkmir, ən əsası isə...” – Kamala Harrisin həkimi hesabat yaydı 

SAVASHMEDİA.az xəbər verir ki, o, Harrisin səhhətinin dövlət başçısı vəzifələrini yerinə yetirmək üçün yetərli olduğunu təsdiqləyib.

"Vitse-prezident Harrisin səhhəti əladır. O, prezidentin vəzifələrini yerinə yetirmək üçün lazım olan fiziki və əqli sağlamlığa malikdir", - sənəddə deyilir.

Simmons qeyd edib ki, Harrisin 2024-cü ilin aprelində keçirilən son tam tibbi müayinəsi heç bir anormallıq aşkar etməyib və onun bütün əsas sağlamlıq göstəriciləri normaldır. O vurğulayıb ki, siyasətçi gərgin iş qrafikinə baxmayaraq, sağlam və aktiv həyat tərzinə riayət edir, həmçinin “çox sağlam pəhriz”ə əməl edir, nadir hallarda spirtli içki qəbul edir və siqaret çəkmir.

Xatırladaq ki, 59 yaşlı Harris ilk dəfə səhhəti ilə bağlı məlumat dərc edib. Bundan əvvəl Amerika mediası qeyd edib ki, Ağ Evdə mütəmadi olaraq tibbi müayinədən keçən vitse-prezident heç vaxt tibbi hesabatını ictimaiyyətə açıqlamayıb.

Bildirək ki, noyabrın 5-də ABŞ-də ümumi seçkilər keçiriləcək. Donald Tramp və Harris prezidentlik uğrunda mübarizə aparacaqlar. 

Yağmur