"Quterreşin Putinlə görüşü BMT xəttinə ziddir”

BMT baş katibi Antonio Quterreşin Rusiya Federasiyasına səfəri və Vladimir Putinlə görüşü BMT-nin Beynəlxalq Cinayət Məhkəməsinin işinə dəstək xətti ilə ziddiyyət təşkil edir.

Oct 26, 2024 - 19:46
"Quterreşin Putinlə görüşü BMT xəttinə ziddir”

SAVASHMEDİA.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Sergey Kislitsa “X” social şəbəkəsində yazıb. 

Daimi nümayəndə BMT katibliyinin nümayəndələri və Beynəlxalq Cinayət Məhkəməsinin həbs orderi verdiyi şəxslər (bu hal Vladimir Putinə də aiddir) arasında potensial görüşlərə dair təlimatın bir parçasını təqdim edib. Bu təlimatlar Quterreşin sələfi Pan Gi Mun tərəfindən təsdiqlənib.

Sitat gətirilən parçada qeyd olunur ki, haqqında Beynəlxalq Cinayət Məhkəməsinin orderi olan şəxslər BCM-ə qarşı hörmətsizliklərini nümayiş etdirmək və onun nüfuzunu sarsıtmağa cəhd etmək üçün qəsdən BMT rəsmiləri ilə görüşə müraciət edəcəklər.

“BMT ilə BCM arasında münasibətlər haqqında saziş tələb edir ki, BMT Məhkəmənin və onun müxtəlif orqanlarının, o cümlədən prokurorun fəaliyyətinə mane ola biləcək və ya onların qərarlarının nüfuzuna xələl gətirə biləcək hər hansı hərəkətdən çəkinməlidir”, - deyə fraqmentdə bildirilib.

Xatirə SADİQ