Tramp Maskın xahişinə məhəl qoymadı

Amerikalı milyarder İlon Mask iri idxal rüsumlarının tətbiqindən imtina etməsi üçün ABŞ prezidenti Donald Trampa müraciət edib. 

Apr 8, 2025 - 12:05
Tramp Maskın xahişinə məhəl qoymadı

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Washington Post” (WP) iki məlumatlı mənbəyə istinadən yazıb.

Qəzet qeyd edib ki, Maskın müraciətinin heç bir təsiri olmayıb. 

Mənbələrin sözlərinə görə, prezident seçkilərində Trampın namizədliyini dəstəkləyən iri biznes nümayəndələrinin əksəriyyəti onun tətbiq etdiyi tariflərin böyüklüyündən şoka düşüb və administrasiyanın siyasətinə təsir edə bilmədiklərindən məyus olub. 

Həftə sonu biznesmenlərin bəziləri Tramp administrasiyasını daha mülayim siyasət yürütməyə inandırmaq üçün biznes maraqlarını lobbi edəcək qeyri-formal qrup yaratmaq üçün danışıqlara başlayıblar.

WP qeyd edir ki, sahibkarlar azad ticarətə münasibətdə daha ağıllı siyasətə çağıraraq Mask və vitse-prezident Cey Di Vens də daxil olmaqla administrasiyadakı tanışları ilə əlaqə saxlayıblar. 

Maskın dostu, sərmayədar Co Lonsdüyl də “X” sisoal şəbəkəsində bunu açıq şəkildə xatırladıb. O, Trampın tariflərinin son nəticədə Çin şirkətlərindən daha çox Amerika şirkətlərinə zərər verəcəyi ilə razılaşıb və əlavə edib ki, biznesmenlər administrasiyadakı dostları qarşısında bu məsələni qaldırıblar.

Keçən həftə İtaliyanın sağçı “Liqa” partiyasının konfransınaa internet vasitəsilə bağlanan Mask bildirib ki, insanlara sərhədləri aşaraq səyahət etmək və işləmək üçün daha çox azadlıq verən Avropa və ABŞ arasında azad ticarət zonası görmək istəyir. O, qeyd edib ki, bu məsləhəti prezident Trampa verib.

“Nəhayət, ümid edirəm ki, hamı həm Avropanın, həm də ABŞ-nin sıfır tarif vəziyyətinə keçməsi ilə razılaşacaq”, - deyə Mask vurğulayıb. 

Son günlərdə isə Mask iqtisadçı, Nobel mükafatı laureatı Milton Fridmanın azad bazarların əhəmiyyətini izah edən çıxışını “X”-də dərc edib. Mask tariflərin əsas tərəfdarlarından biri olan ABŞ prezidentinin müşaviri Piter Navarronu da tənqid edib.

WP xatırladıb ki, Mask Trampın ilk prezidentlik dövründə yüksək tariflərə qarşı çıxıb. Milyarder hesab edir ki, tariflər onun həm ABŞ, həm də Çində bizneslə məşğul olan “Tesla” şirkətinə zərər verir.

Xatirə SADİQ