Milyarder hüquq firması ilə mübahisəni qazandı – Londonda
Rusiyalı milyarder, “Rusal”ın qurucusu London məhkəməsində "saxtalaşdırılmış hesabat"a görə “Quinn Emanuel Urquhart & Sullivan” hüquq firması ilə mübahisəni qazanıb.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə Deripaskanın hüquq firmasına qarşı irəli sürdüyü tələblə razılaşıb.
Bu tələb Rusiyanın keçmiş maliyyə nazirinin müavini və “Vneşekonombank”ın keçmiş rəhbəri Vladimir Çernuxinin məhkəmə prosesində istifadə etdiyi sənədi ona kimin verdiyini açıqlamasından ibarət olub.
Söhbət Deripaska ilə Çernuxin arasında “Trexgornaya Manufaktura” şirkətinin yarısına sahib olmaq hüququ uğrunda bir neçə il davam edən məhkəmə çəkişməsindən gedir. “Quinn Emanuel” firması Oleq Deripaska və “Filatona Trading” şirkəti ilə mübahisədə Çernuxinə və “Navigator Equities” şirkətinə məsləhət verib. Sonra isə müştərisinin mövqeyini təsdiqləyən “Baş tikinti hesabatı” adlı sənədi məhkəməyə təqdim edib.
Deripaskanın vəkilləri sənədin həqiqiliyinə şübhə ilə yanaşdıqlarından məhkəmənin diqqətini şübhəli təfərrüatlara cəlb ediblər. Onlar “Quinn Emanuel” hüquq firmasının hərəkətlərini “həyasız sxemin bir hissəsi” adlandırıblar və iddia ediblər ki, bu üsulla firma biznesmendən təxminən 300 milyon dollar pulu qeyri-qanuni yolla əldə etmək istəyib.
“Əgər cənab Çernuxinin qanun pozuntusu ilə əlaqəsi varsa, onun bu məsələyə aidiyyətinin olub-olmaması açığa çıxarılmalıdır. Yoxdursa, onun bunun yayılmasından qorxması üçün əsas yoxdur”, - deyə hakim Nil Kalver bildirib.
“Quinn Emanuel” firması isə sənədin biznes analitikası ilə məşğul olan şirkətlərdən birindən alındığını bildirib, lakin həmin şirkətin adını açıqlamayıb. Firmanın təmsilçiləri Deripaskanın vəkillərinin suallarını cavablandırmaqdan da imtina ediblər və sənədin həqiqiliyinə əmin olduqlarını vurğulayıblar.
Qeyd edək ki, Deripaskaya məxsus “Bazovı Element” sənaye qrupu “Trexgornaya Manufaktura” şirkətini 2002-ci ildə alıb. Çernuxin şikayət ərizəsində iddia edib ki, həmin illərdə Deripaskanın ortağı olub və 50%-ə sahib olduğu Kiprdəki “Navio Holdings” şirkəti vasitəsilə “Trexgornaya Manufaktura”ya nəzarət edib.
2017-ci ildə London Arbitraj Məhkəməsi Çernuxini şirkətin ortaq sahibi kimi tanıyıb və Deripaskanın ona 95,2 milyon dollar ödəməsi barədə qərar çıxarıb. Deripaska məhkəmənin qərarı ilə razılaşmadığından 2020-ci ilin fevralında apelyasiya şikayəti verib. London Apellyasiya Məhkəməsi də əvvəlki instansiyanın qərarını təsdiqləyib.
Sonra Çernuxin məhkəməyə öz payına görə 395 milyon dollar almalı olduğu barədə sənəd təqdim edib.
Xatirə SADİQ