ABŞ və İran nümayəndələrinin görüş yeri məlum oldu
ABŞ və İran aprelin 12-də Omanda Tehranın nüvə proqramı ilə bağlı danışıqlara başlayacaq.
SAVASHMEDİA.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, nümayəndə heyətlərinə İranın xarici işlər naziri Abbas Əraqçi və ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoffun rəhbərlik edəcəyi gözlənilir.
“Ümid edirəm ki, bu danışıqlar uğurlu olacaq. Əgər İranla danışıqlar uğurla nəticələnməsə, İranın böyük təhlükə qarşısında qalacağını düşünürəm”, - deyə Tramp jurnalistlərə bildirib.
İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin ABŞ ilə aprelin 12-də Omanda “yüksək səviyyəli dolayı danışıqlar” keçirəcəyini təsdiqləyib.
“Bu, sınaq olduğu qədər də fürsətdir. Top Amerikanın meydanındadır”, - deyə iranlı nazir əlavə edib.
ABŞ və İran arasında sonuncu dəfə birbaşa yüksək səviyyəli danışıqlar 2015-ci ildə baş tutub. O zaman ABŞ-nin dövlət katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifin nüvə sazişini yekunlaşdırmaq üzərində çalışırdılar.
“Reuters” xatırladıb ki, Tehran aprelin 5-də İranın nüvə proqramı ilə bağlı ABŞ ilə birbaşa danışıqların aparılması ehtimalını “mənasız” adlandırmışdı.
Xatirə SADİQ