"Arvadınla yatmışam" deyən qonşusunu öldürüb quyuya atdı - TƏFƏRRÜAT

Qonşusunu qətlə yetirərək meyitini həyətindəki quyuya atan şəxsə hökm oxunub.

Nov 17, 2026 - 23:11
"Arvadınla yatmışam" deyən qonşusunu öldürüb quyuya atdı - TƏFƏRRÜAT

SAVASHMEDİA.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən Əhməd Əliyev (ad-soyad şərtidir-red) Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilib.

Əhməd Əliyev ilkin ifadəsində bildirib ki, qonşusu Telman Ələsgərovun ( ad-soyad şərtidir-red) həyat yoldaşı ilə münasibətinin olmasından şübhələnib. Buna səbəb kimi isə həyat yoldaşının telefonunda Telmanın adını görməsini əsas gətirib. 

Ə.Əliyev qeyd edib ki, xanımının telefonunu yoxlatdırmaq qərarına gəlib və məsələni aydınlaşdırmaq üçün Telmandan da izahat tələb edib. Telman isə ona “məndən belə şey gözləyirsən? Biz bir yerdə böyümüşük, get harada istəyirsən yoxlat” deyib. 

Təqsirləndirilən şəxs ifadəsində həyat yoldaşının telefon danışıqlarını çıxartdırdıqdan sonra elə həmin gün boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirib.

Ə.Əliyev hadisənin necə baş verdiyini danışarkən qeyd edib ki, həmin gecə həyət qapısının səsinə çölə çıxıb və Telmanın ona məxsus avtomobilin sərnişin oturacağında əyləşdiyini görüb.  Özü də sürücü oturacağında əyləşib və bu zaman Telman ona həyat yoldaşı ilə cinsi əlaqədə olduğunu etiraf edib. Əhmədin sözlərinə görə, Telmandan həyətini tərk etməsini tələb edib. Lakin Telman onu “get, gəlməyən kişi deyil, gözləyirəm” deyərək qıcıqlandırıb. 

Bundan sonra Əhməd evdən özünə məxsus ev tüfəngini götürməyə gedib. Geri qayıdaraq Telmana baş nahiyəsindən bir neçə dəfə atəş açıb. Telmanın öldüyündən əmin olduqdan sonra cəsədi maşından çıxararaq həyətindəki 4 metr dərinliyindəki quyuya atıb. Cəsəddən qoxu gəlməməsi üçün üzərinə qoyun yunu və üyüdülmüş ot töküb. Cinayəti gizləmək məqsədilə tüfəngi və maşının içini təmizləyib, qan bulaşmış gödəkçəsini atıb. Yerə tökülmüş qanı isə həmin gecə yağan güclü yağış yuyub aparıb. Hadisə ilə bağlı həyat yoldaşına və bacısına danışıb.

O, sonrakı ifadəsində bildirib ki, Telmanı qəsdən öldürməyib. Mərhum onu təhqir edərək evinə girməyə cəhd edib. Telmanı həyətindən çıxarmaq istəyib, buna görə də tüfəngi havaya atəş açmaq məqsədilə gətirib. Lakin Telman silahın lüləsindən tutub çəkdiyi üçün silah təsadüfən açılıb və Telman həyatını itirib. Həbs olunmaqdan qorxduğuna görə cəsədi quyuya atıb. Həyat yoldaşına olanları cinayətin ona görə baş verdiyini bildirmək üçün danışıb. Boşanmaq niyyəti olsa da, cinayətin üstünün açılmasından qorxduğuna görə həyat yoldaşından ayrılmayıb.

Məhkəmədə Əhmədin həyat yoldaşı da ifadə verib. O bildirib ki, 2020-ci ildə Əhmədlə boşanma ərəfəsində olublar. Evdən getsə də, 2021-ci ildə oğulları dünyaya gəldiyinə görə evə gətirilib və barışıblar. 2023-cü ildə iki qız övladı doğulub və Əhmədlə münasibətləri yaxşı olub. Telmanı da Əhmədlə ailə qurduqdan sonra tanıyıb və onunla heç bir münasibəti olmayıb. 

Əhməd isə 4-5 ay əvvəl xəyanət görə məhkəməyə müraciət etməyib. Qadın Əhmədin şübhələnmə məsələsinə də aydınlıq gətirib. O bildirib ki, Əhməd onun telefonunda Telmanın adını “TikTok" platformasında görüb. Daha sonra telefon danışıqlarını çıxartdırıb və əmin olub ki, tərəflər arasında heç bir danışıq olmayıb. Artıq ondan şübhəsinin olmadığını bildirib və boşanma təklifini də qəbul etməyib. Lakin bir müddətdən sonra ov tüfəngi ilə Telmanı öldürüb.

Qadın qeyd edib ki, Əhməd cinayəti törətdikdən sonra onu və bacısını yuxudan oyadaraq Telman Ələsgərovu öldürdüyünü deyib. Səbəbini soruşduqda isə Telmanla arasında problem olduğunu, mərhumun onu söydüyünü, namusuna toxunduğunu və təhqir etdiyini, bu səbəbdən onu öldürmək qərarına gəldiyini deyib.

Mərhumun atası da ifadəsində Telmanın Əhmədin arvadı ilə münasibətinin olmadığını bildirib. Ata qeyd edib ki, Əhməd itkin düşəndən sonra polisə müraciət edib. Axtarışlar 4-5 ay davam edib. Əhməd polisə ifadəsində Telmanın harada olduğunu bilmədiyini deyib. Hətta axtarışlarda da iştirak edib. Lakin nəticədə Telmanın meyiti Əhmədin həyətindəki quyudan tapılıb.

Qeyd edək ki, cinayət işi ilkin olaraq özünü öldürmə həddinə çatdırma ehtimalı ilə Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə başlanıb. Sonradan təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə təqsirli bilinib.

Banu