Əliyar Ağayev “Turan Tovuz”a görə AFFA-dan XAHİŞ EDİB? - “Məni ora göndərməyin”
Məlum qalmaqaldan sonra hakim Əliyar Ağayevin “Turan Tovuz”un oyunlarına təyinat almaması maraq doğurur.
SAVASHMEDİA.az xatırladır ki, aprelin 3-də Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) qarşılaşmasından sonra klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev baş hakim Əliyar Ağayevin idarəçiliyini sərt tənqid etmişdi.
Klub rəhbəri Əliyar Ağayevin hakimliyindən narazılıq edərək “suyu oturaraq içən hakimlərdən canımızı qurtarmalıyıq. Suyu uzanaraq içsinlər, ayaqüstə içsinlər, amma haqqımızı içməsinlər”, şəklində açıqlama vermişdi.
Ehtiram Quliyev, həmçinin futbolçuların əziyyətini və klubun haqqını Əliyar Ağayevə halal etmədiyini demişdi.
Maraqlı məqam isə həmin qalmaqaldan sonra Əliyar Ağayevin “Turan Tovuz”un oyunlarına təyinat almamasıdır.
SAVASHMEDİA.az-ın əldə etdiyi məlumata görə, Əliyar Ağayev özü də “Turan Tovuz”un oyunlarına təyinat almaqda maraqlı deyil. Mənbəmizin bildirdiyinə görə, o, AFFA-nın Hakimlər Komitəsindən Tovuz klubunun matçlarına göndərilməməsini xahiş edib.
Hətta belə bir təyinatın qaçılmaz olacağı təqdirdə, sözügedən klubun səfər oyunlarına göndərilməsini istəyib ki, Tovuza getmək məcburiyyətində qalmasın.
Onun "Turan Tovuz" azarkeşlərinin mümkün sərt reaksiyasından ehtiyat etdiyi ehtimal olunur.
Səlcuq