"200 minlik maşında gəzirsən, hardandır, bu pullar?" - Fazil Mustafaya Mehdiyev İTTİHAMI

Deputat Fazil Mustafa ilə Azad Vətən Partiyasının sədri Akif Nağı arasında qarşılıqlı ittihamlarla müşayiət olunan mübahisə yaşanıb.

Nov 17, 2026 - 19:44
"200 minlik maşında gəzirsən, hardandır, bu pullar?" - Fazil Mustafaya Mehdiyev İTTİHAMI

SAVASHMEDİA.az xəbər verir ki, mübahisəyə Fazil Mustafanın Akif Nağı haqqında sosial şəbəkədə yazdığı status səbəb olub.

Deputat paylaşımında Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq iki ölkə arasında müharibə ehtimalından danışan şəxsləri sərt tənqid edib.

Fazil Mustafa Akif Nağıya ünvanladığı fikirlərində yazıb:

“Bu QUMcuğa anlatmaq lazımdır ki, tarixdə Azərbaycan-Türkiyə müharibələri olmayıb və gələcəkdə də olması mümkün deyil. İki qardaş dövlətin müharibəsini arzulayan bütün türk düşmənləri bu qardaşlığın daha da möhkəmləndiyini görə-görə çərləyəcəklər”.

Akif Nağı isə Fazil Mustafanın ittihamlarına sərt cavab verib. 

“İndi də status yazıb məni guya antitürkçülükdə, irançılıqda ittiham edir. Ay bədbəxt, mənim türkçülük yolunda çalışdığımın mində birini sən etmirsən, edə bilməzsən”, - Akif Nağı bildirib.

Akif Nağı deputatın onu irançılıqda ittiham etməsinə qarşılıq olaraq Azərbaycan tarixinin türk mahiyyəti ilə bağlı mübahisəli fikirlər səsləndirib:

“Mən deyirəm ki, Babək bizimdir, türkdür, Şah İsmayıl bizimdir, türkdür, Səfəvilər türkdür, Azərbaycan dövlətinin 5 min il yaşı var. Sən deyirsən ki, bunların bizə aidiyyatı yoxdu, hamısı farsındı”.

Fazil Mustafanın maddi zənginlik içərisində yaşadığını iddia edən Akif Nağı daha sonra deputatın sahib olduğu əmlak və bahalı avtomobillərin hansı vəsait hesabına əldə edildiyini sual edib:

“Sən, ümumiyyətlə, xidmətdə duran adamcıqlardansan. Ona görə də var-dövlət içərisində üzürsən, 200 minlik maşınlarda gəzirsən, villalarda yaşayırsan, oliqarx həyatı sürürsən. Hardandı səndə bu pullar? Deputat maaşı ilə etmisən bunları?”

Partiya sədri, həmçinin Fazil Mustafanın namizədlik dissertasiyasını Ramiz Mehdiyevin tapşırığı və himayəsi ilə müdafiə etdiyini iddia edib.

Oğuz