İranı “Xameneiyə ölüm” şüarları bürüdü - Etirazlar böyüyür

İranda iqtisadi çətinliklər ucbatından başlayan etiraz aksiyaları davam edir. 

Jan 4, 2026 - 16:42
İranı “Xameneiyə ölüm” şüarları bürüdü - Etirazlar böyüyür

SAVASHMEDİA.az xəbər verir ki, yanvarın 4-də Elam vilayətindəki etirazlarda bir neçə etirazçı öldürülüb. Bu ərazidəki etirazlarda “Xameneiyə ölüm” şüarları səsləndirilib. 

Hələlik təsdiqlənməmiş məlumatlara görə də ümumi ölənlərin sayı 5 nəfər olub.  

İran İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın “Fars” agentliyi vilayətdə azı 3 nəfərin öldüyünü təsdiqləyib. SEPAH-a yaxın “Tasnim” agentliyi isə etirazlarda hökumət qüvvələrindən bir nəfərin öldüyünü yazıb. 

Yanvarın 4-də etirazlar Tehran, Şiraz, Həmədan, Zəncan və digər şəhərlərdə davam edib. Hələlik azərbaycanlıların çoxluq təşkil etdiyi şimal-qərb bölgələrində etiraz aksiyalarının baş tutmasına dair məlumat yayılmayıb. 

Tehranın Narmak rayonunda etirazlar zamanı “Bu son döyüş deyil, Pəhləvi geri qayıdır” şüarı səsləndirilib. Pəhləvi deyərkən 1979-cu ildə devrilmiş İran şahının nəsli nəzərdə tutulub. Şahın hazırda Qərbdə yaşayan oğlu etirazlar fonunda bəyanat yayaraq, İran üçün xüsusi keçid dövrü proqramı olduğunu açıqlayıb.  

Xeyli sayda azərbaycanlının yaşadığı Zəncan şəhərindəki etirazlarda “Diktatora ölüm” şüarı səsləndirilib. Azərbaycanlıların da olduğu Qəzvin şəhərində isə “Seyid Əlini devirin”, “Xameneiyə ölüm” şüarlarıyla aksiyalar keçirilib. 

İranda etirazlar dolların ucuzlaşmasından sonra başlayıb. Ölkənin ali dini lideri etirazçıların dinlənməli olduğunu desə də etirazlarda iğtişaş törədənləri qiyamçı adlandırıb. ABŞ Prezidenti Donald Tramp isə İran hakimiyyətinin etirazçılara atəş açacağı təqdirdə xalqa yardım edəcəklərini deyib.

Səlcuq