Rusiya Liviyaya göndərdiyi hərbi gəmiləri geri qaytardı - SƏBƏB

Ukraynanın Liviyada Rusiya hərbi gəmisini vurmasından sonra Moskvanın Aralıq dənizindəki hərbi-logistik planlarında dəyişiklik baş verib.

Nov 27, 2026 - 22:22
Rusiya Liviyaya göndərdiyi hərbi gəmiləri geri qaytardı - SƏBƏB

SAVASMEDİA.az xəbər verir ki, Rusiyaya məxsus hərbi texnika daşıyan gəmi karvanı Ukrayna dəniz dronlarının Liviyanın Benqazi limanında Rusiya hərbi korvetini batırmasından sonra istiqamətini dəyişib.

“Reuters” agentliyinin hərbi və təhlükəsizlik strukturlarından üç mənbəyə istinadən yaydığı məlumata görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin “Admiral Qolovko” freqatının müşayiət etdiyi karvan hücumun baş verdiyi gün Siciliya boğazı yaxınlığında geri dönüb.

Digər gəmi qrupu isə Liviyaya doğru hərəkətini dayandıraraq Əlcəzair sahilləri yaxınlığında gözləməyə başlayıb.

Agentliyin məlumatına əsasən, bu addım Rusiyanın Ukraynanın dəniz dronları ilə hücumlarından sonra hərbi gəmilərini qorumaq cəhdləri ilə əlaqələndirilir.

Xatırladaq ki, noyabrın 22-də Ukrayna dəniz dronları Liviyanın Benqazi limanında Rusiyaya məxsus “Merkury” korvetinə zərbə endirib. Nəticədə gəmi batıb. Hücumdan sonra Ukrayna prezidenti Volodimir Zelenski əməliyyatın həyata keçirildiyini təsdiqləyib.

Rusiyanın Müdafiə Nazirliyi gəmi karvanlarının istiqamətini dəyişməsi ilə bağlı Reuters-in sorğusuna dərhal cavab verməyib.

Aytən