Düdənginski necə öldürüldü? - Yaxın TARİX
1945-ci ilin fevralında keçirilən Yalta konfransında əldə olunan razılığa görə, Qərb müttəfiqləri almanlar tərəfə keçən, Almaniyaya işləməyə aparılan sovet vətəndaşlarını öz nəzarətlərinə aldıqda SSRİ-yə təhvil verməli idilər.
Buna görə də birinci kateqoriyaya aid olanlar başqa ölkələrdə sığınacaq tapmağa çalışırdılar. Legionerlər arasında “Abo” kimi tanınan Düdənginski arvadı Leyla və 7 yaşlı oğlu Əli ilə birlikdə əvvəlcə Misirə getdi.
SSRİ-Türkiyə münasibətləri pisləşdikdən sonra Türkiyəyə gəldi. Buradan da Qərbi Almaniyaya, Münhenə döndü. 1953-cü ildə açılan “Radio Liberty”nin Azərbaycan redaksiyasının (“Azadlıq radiosu”) rəhbəri oldu. Bu da onu KQB-nin hədəfinə çevirdi.
KQB milli hərəkat fəallarına qarşı onların soydaşlarından istifadə etməyə üstünlük verirdi. Məsələn, Ukrayna millətçilərinin lideri Yevgeni Konovalets 1938-ci ildə ukraynalı Pavel Sudoplatov tərəfindən öldürüldü. Ukraynalı Boqdan Staşinskinin Lev Rebeti və Stepan Banderanı öldürdü.
Abonu öldürmək üçün də Mikayıl İsmayılov adlı azərbaycanlı seçildi. Onun 1920-ci ildə anadan olduğu və 1941-ci ildə almanlara əsir düşdüyü deyilir. Əsirlikdə Azərbaycan legionuna qoşulub. 1943-cü ildə İtaliyada partizanlar tərəfə keçib. 1947-ci ildə italyan qadınla evlənib. 1951-ci ildə ailəsi ilə birlikdə SSRİ-yə qayıtmaq qərarına gəlib. Burada KQB-nin bağışlanmaq müqabilində əməkdaşlıq təklifini qəbul edib.
Mikayıl İsmayılov 1953-cü ildə Şərqi Almaniyaya, Drezdenə göndərildi. Buradan Qərbi Almaniyaya “qaçdı”. Münhendə məskunlaşdı, Düdənginski ilə tanış oldu və dostuna çevrildi.
1954-cü il noyabrın 20-də Mikayıl İsmayılov Düdənginskini özünün qaldığı evə dəvət etdi. Burada onu başına arxadan çəkiclə vurmaqla qətlə yetirdi. Öz paltarını Aboya geyindirir, cibinə də öz pasportunu qoyur. Ertəsi gün təmizlikçi qadın cəsədi tapanda polis öldürülənin İsmayılov, qatilin isə Düdənginski olduğunu düşünür. Evin qadın sahibəsi meyidin üzünə baxmaqdan imtina edərək uzaqdan gördüyü geyim əsasında şahidlik edir və ölənin Mikayıl olduğunu təsdiqləyir. Nəticədə həqiqi qatil gizlənməyə vaxt tapdı.
Cəsəd noyabrın 25-də dəfn olundu. Amma Düdənginskinin dostları polisin versiyasına inanmayaraq bir neçə gündən sonra qəbirin açılmasına və cəsədin identifikasiyasına nail oldular. Məlum oldu ki, məzardakı cəsəd Abonundur.
Əbdürrəhman Fətəlibəyli-Düdənginski dekabrın 5-də Neu-Ulm şəhər məzarlığında, bir neçə il əvvəl avtoqəzada həlak olan qardaşı Seyfulla ilə eyni məzarda dəfn edildi.
Düdənginskinin evlənməyən və öyrənə bilmədiuim səbəbdən yataq xəstəsi olan oğlu Əli Qazi 1997-ci ildə, arvadı Leyla Qazi isə 2002-ci ildə ABŞ-da vəfat etdilər. Hər ikisi Nyu Cersidə Corc Vaşinqton Memorial parkındakı müsəlman məzarlığında dəfn olundular.
Mikayıl İsmayılovun isə Bakıya qayıtdıqdan bir müddət sonra intihar etdiyi iddia olunur. Nə qədər dəqiq məlumatdır, bilmirəm.
Yadigar Sadıqlı