Oğurlanacağından qorxan Xamenei gün ərzində bir neçə dəfə yerini dəyişir - Maduro ssenarisi?

İranın ali dini lideri Əli Xamenei Venesuela prezidenti Nikolas Maduronun oğurlanaraq ABŞ-yə aparılmasından sonra yerini tez-tez dəyişir.

Jan 4, 2026 - 17:12
Oğurlanacağından qorxan Xamenei gün ərzində bir neçə dəfə yerini dəyişir - Maduro ssenarisi?

SAVASHMEDİA.az müxtəlif xarici mənbələrə istinadla xəbər verir ki, Xamenei özünü tamamilə təcrid etməsə də, onunla birabaşa təmas quracaq şəxslərin sayını əhəmiyyətli şəkildə azaldıb.

Xamenei sonuncu dəfə ictimaiyyət qarşısına yanvarın 3-də çıxıb.  Həmin gün ABŞ-nin 2019-cu ildə öldürdüyü SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymaninin ailəsi ilə görüşən Xamenei ölkədəki etirazları düşmənin işi adlandırıb. 

Xamenei hökumətin etirazçılarla danışmalı olduğunu desə də, iğtişaş törədənlərlə təmasların fayda verəcəyinə inanmadığını bildirib.
 
Maraqlıdır ki, Xameneinin bu çıxışı çıxışı ABŞ Prezidenti Donald Trampın yanvarın 2-də İrandakı etirazçılara yardım edə biləcəklərinə dair bəyanatından sonraya təsadüf edib. Həmin bəyanatında Tramp İran hökumətini etirazçılara atəş açmamağa çağırmışdı. 

İrandakı etirazların yeddinci günündə ölkənin ali dini lideri Əli Xamenei adını çəkmədən Trampın bu bəyanatına cavab vermiş və etirazçıların yerinə otuzdurulacağını söyləmişdi.

İddialara görə, oğurlanacağından, yaxud öldürüləcəyindən qorxan Xamenei gün ərzində bir neçə dəfə qaldığı yeri dəyişir. Gününün çoxunu Tehranın şimal-şərqindəki yeraltı bunkerdə keçirdiyini iddia edən mənbə oxşar bunker və sığınacaqların çox olduğunu vurğulayıb. Maduronun oğurlanmasından sonra isə Xamenei  mühafizəçilərinin sayını artırıb və xüsusi təhlükəsizlik tədbirləri görüb.

İranda etirazlar 7 gündür davam edir. Etirazlara səbəb dolların kəskin bahalaşması olub. Etirazlar ölkənin 30-dan çox şəhərini əhatə edib. Aksiyalar zamanı etirazçılara atəş açılması halları qeydə alınıb.

Oğuz