“Biz türklərə jest etmişdik, həmin azarkeşlər isə..." - Kobaxidze “Beşiktaş” olayından DANIŞDI

Gürcüstanın Baş naziri İrakli Kobaxidze “Beşiktaş” - “Hapoel Beer-Şeva” matçı zamanı Batumidə baş verən hadisələrə münasibət bildirib.

Nov 27, 2026 - 23:07
“Biz türklərə jest etmişdik, həmin azarkeşlər isə..." - Kobaxidze “Beşiktaş” olayından DANIŞDI

SAVASHMEDİA.az xəbər verir ki, Baş nazir Gürcüstanın Türkiyəyə qarşılaşmanı Batumidə keçirmək üçün xüsusi imkan yaratdığını bildirib.

“Türk dostlarımıza unikal imkan təklif etdik. Təklif etdik ki, futbol matçını öz ölkələrindən kənarda, lakin dolu tribunalar qarşısında bizim ölkəmizdə keçirsinlər. Başqa heç bir ölkədə onlara belə bir imkan yaradılmayacaqdı. Bunu nəzərə aldıq. Təbii ki, risklər olsa da, iki ölkəni – Gürcüstanı və Türkiyəni birləşdirən sıx dostluq münasibətlərini nəzərə alaraq bu dostluq jestini etdik”.

Kobaxidze təəssüflə qeyd edib ki, bir qrup türkiyəli azarkeş Gürcüstanın jestinə təxribatçı hərəkətlərlə cavab verib:

“Türkiyəli azarkeşlərin əksəriyyətinin təklifimizi çox layiqli şəkildə qəbul etməsinə və ölkəmizə gəlməsinə şadam. Lakin bir neçə yüz azarkeş var idi ki, onlara azarkeş deməyə də dilim gəlmir, təxribatçı hərəkətləri ilə seçilirdilər. Belə bir təklif irəli sürürsən, azarkeşlər isə buna yanlış hərəkətlərlə cavab verirlər. Bu, həqiqətən də, çox üzücü və məyusedicidir”.

Baş nazir sonda asayişin təmin olunmasına görə gürcü polisinə təşəkkür edib:

“Təxribatlara baxmayaraq, polis ictimai asayişi təmin etdi. Bu bizim məsuliyyətimiz idi. Buna görə bütün polis əməkdaşlarına bir daha təşəkkür edirəm”.

Banu