Artıq adları da YOXDUR… - 40 quldur "Taliban"ın qadınlara zülmü davam edir
Əfqanıstanda "Taliban" hakimiyyəti qadınların şəxsiyyətini və hüquqlarını məhdudlaşdıran yeni qayda tətbiq edib.
SAVASHMEDİA.az “The Guardian” qəzeti və Əfqanıstanın “Zan Times” nəşrinə istinadla xəbər verir ki, ölkənin şimalında yerləşən Bəlx vilayətində qadınların həqiqi adlarının tibbi qeydiyyatlarda, reseptlərdə və digər rəsmi sənədlərdə istifadəsi qadağan olunub.
Xəstəxana əməkdaşlarına və digər dövlət qulluqçularına qadınlara “Bibi” deyə müraciət etmək barədə göstəriş verilib. Əfqanıstan mədəniyyətində bu söz ənənəvi olaraq nənə və ya yaşlı qadına hörmət əlaməti kimi işlədilir.
Ölkədə qadının adının, xüsusilə ictimai yerlərdə çəkilməsinin onun həyat yoldaşının və ya övladlarının şərəfinə hörmətsizlik sayılması ənənəsi mövcuddur. Yeni qayda ilə qadınların həqiqi adlarının əvəzinə ümumi müraciət formasından istifadə edilməsinə başlanılıb.
Almaniyada yaşayan əfqan fəal Lelah Osmani isə tətbiqin daha ağır nəticələr doğurduğunu bildirib. Onun sözlərinə görə, artıq qadınlara “keçi” və “inək” kimi alçaldıcı ifadələrlə müraciət edilir:
“Bu, sistemli şəkildə insanlıqdan çıxarma prosesidir. Bir rejim qadının adını dəyişdirib ona heyvanın adını verdikdə, onu insani ruhdan məhrum edir və yalnız bioloji varlığa, yaxud bir kişinin mülkiyyətinə çevirir”.
Fəal Əfqanıstanda qadınların rəsmi sənədlərdə kişi qohumlarının “həyat yoldaşı” və ya “qızı” kimi göstərilməsi ənənəsinin mövcud olduğunu, hətta qəbir daşlarında qadın adlarının yazılmadığını xatırladıb. Osmani bildirib ki, "Taliban" 1996-2001-ci illərdəki ilk hakimiyyəti dövründə də küçə adlarından və ictimai məkanlardan “qadın” sözünü çıxarıb.
Osmani 2021-ci ildə hakimiyyətə yenidən qayıdan "Taliban"ın qadınlara qarşı siyasətinin əsasının onları insanlıqdan çıxarmaq olduğunu diqqətə çatdırıb:
“İnsanı insanlıqdan çıxarmağın ilk addımı onun adını əlindən almaqdır. Adsız insan xəyal qura, mülk sahibi ola, ədalət tələb edə və tarixdə xatırlana bilməz”.
ABŞ-də yerləşən “Femena” qeyri-hökumət təşkilatının Əfqanıstan proqramının direktoru Zübeydə Əkbər isə məhdudiyyətin gələcəkdə bütün ölkəyə şamil ediləcəyindən narahatlığını ifadə edib.
Təşkilatın məlumatına görə, "Taliban" 2021-ci ildə hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstan qadınlarının hüquqlarını məhdudlaşdıran 144-dən çox qərar və fərman verib. Bunlara qızların 12 yaşından sonra təhsil almasının qarşısının alınması, qadınların iş yerlərinin böyük əksəriyyətindən uzaqlaşdırılması və ictimai yerlərdə danışmalarına qoyulan qadağalar daxildir.
"Taliban"ın Cinayət Məcəlləsinə görə, qadının qolunu sındırmağa görə cəza 15 gün, dəvəyə zərbə vurmağa görə cəza isə 5 aydır.
Lelah Osmani daha dəhşətli bir faktın da üstünü açıb. Osmani bildirib ki, onunla əlaqə saxlayan bir kişi illərlə anasının adını bilmədiyini deyib. Çünki ailədə heç kim anasına adı ilə müraciət etməyib. Yalnız anası vəfat etdikdən sonra onun adını öyrənə bilib.
Banu