Tramp “Nvidia” səhmlərini satdı - Xəyanət qalmaqalı baha başa gəldi

ABŞ Prezidenti Donald Tramp dövlət katibi Marko Rubionun “Nvidia” şirkətinin rəhbəri Censen Huanqın Çin casusu ilə ehtimal olunan əlaqələri barədə məlumat verməsindən beş gün sonra texnologiya nəhənginin səhmlərini satıb.

Nov 17, 2026 - 16:46
Tramp “Nvidia” səhmlərini satdı - Xəyanət qalmaqalı baha başa gəldi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə CNBC telekanalı Amerika prezidentinin maliyyə bəyannamələrinə istinadən məlumat yayıb.

Məlumata görə, Trampın satış əməliyyatının dəyəri 500 min dollarla 1 milyon dollar arasında olub.

“The New York Times” qəzetinin yazdığına görə, Rubio mayın 13-də müvafiq kəşfiyyat məlumatlarını prezidentə çatdırıb. Bu, Trampın Çinə dövlət səfəri çərçivəsində Alyaskada “Air Force One” təyyarəsinin yanacaq doldurmaq üçün dayanması zamanı baş verib. Həmin səfərdə “Nvidia”nın rəhbəri Censen Huang da iştirak edib.

Mayın 18-də isə Trampın investisiya hesabları vasitəsilə şirkətin səhmlərinin satışı həyata keçirilib. Prezident sonradan Rubiodan belə bir məlumat almadığını iddia edib.

CNBC-nin hesablamalarına əsasən, Trampın 2025-ci ilin yanvarında yenidən Ağ Evə qayıtmasından sonra onun investisiya hesabları vasitəsilə “Nvidia” səhmləri ilə bağlı ən azı 103 əməliyyat aparılıb. Bu sövdələşmələrin ümumi dəyəri 27 milyon dollardan 97,5 milyon dollaradək qiymətləndirilir. Əməliyyatlardan 38-i 2026-cı ilin ilk səkkiz ayında baş tutub.

2025-ci ilin sonuna olan məlumata görə, “Nvidia”dakı pay Trampın investisiya portfelinin ən böyük üç aktivindən biri olub. Həmin payın dəyəri 12,5-58 milyon dollar arasında göstərilib.

Ağ Ev isə məsələ ilə bağlı açıqlamasında bildirib ki, maraqlar toqquşmasının qarşısını almaq üçün prezidentin maliyyə aktivləri onun müdaxiləsi olmadan müstəqil məsləhətçilər tərəfindən idarə edilir. Bəyannamələrdə Trampın səhmlərin satılması barədə şəxsən göstəriş verdiyini və ya aktivləri idarə edən şəxslərin məxfi məlumatlara çıxış əldə etdiyini təsdiqləyən hər hansı sübutun olmadığı qeyd olunur.

Qeyd edək ki, “The Washington Post” qəzeti daha əvvəl Marko Rubionun Censen Huang ətrafında yaranmış qalmaqaldan istifadə edərək onun prezident üzərindəki təsirini zəiflətməyə və Çinə qarşı məhdudiyyətlərin sərtləşdirilməsinə nail olmağa çalışdığını yazmışdı.