Pensiyaların maliyyələşdirilməsində problem var? - RƏSMİ XƏBƏRDARLIQ
Azərbaycanda pensiya xərclərinin bir hissəsinin dövlət büdcəsi əvəzinə vətəndaşların ödədiyi sosial sığorta haqları hesabına qarşılanması gələcəkdə pensiya sistemində maliyyə çətinlikləri yarada bilər.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcə layihəsinə dair rəyində bildirilib.
Yəni pensiyaların maliyyələşdirilməsi üçün dövlətin üzərinə düşən xərclərin bir hissəsi büdcədən deyil, işləyən vətəndaşların ödədiyi sosial sığorta haqlarından qarşılanır. Halbuki bu xərclərin dövlət büdcəsi hesabına ödənilməsi nəzərdə tutulur.
Hesablama Palatasının məlumatına görə, 2018–2027-ci illərdə bu qaydada ümumilikdə 14 milyard manatdan çox vəsait sosial sığorta haqları və ehtiyatlar hesabına maliyyələşdirilib. Dövlətin üzərinə düşən pensiya xərclərinin isə orta hesabla 50 faizi bu mənbələrdən ödənilib.
Palata hesab edir ki, belə yanaşma Sosial Müdafiə Fondunun gələcək maliyyə dayanıqlılığına mənfi təsir göstərə bilər. Buna görə də dövlətin pensiya öhdəlikləri ilə Fondun sosial sığorta gəlirləri bir-birindən ayrı müəyyənləşdirilməlidir.
Qeyd edək ki, 2027-ci ildə Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən 1,6 milyard manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 100 milyon manat azdır.