Trampın kürəkəni "Rusiyanı razı saldıq" demişdi - Moskva TƏKZİB ETDİ

Rusiya Ukraynanın NATO üzvlüyünə alternativ olaraq təhlükəsizlik təminatları alması ilə bağlı ABŞ-nin irəli sürdüyü yanaşmaya qarşı çıxıb.

Nov 20, 2026 - 16:47
Trampın kürəkəni "Rusiyanı razı saldıq" demişdi - Moskva TƏKZİB ETDİ

SAVASHMEDİA.az xəbər verir ki, Rusiyanın xarici işlər nazirinin müavini Sergey Ryabkov Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik təminatlarının verilməsi ideyasını qəbuledilməz adlandırıb.

Diplomat bildirib ki, Ukraynaya alyansın üzvlüyünə bənzər status verilməsi üçün hər hansı “yaradıcı həll” tapılması Moskva üçün qəbulolunmazdır.

Ryabkovun sözlərinə görə, Rusiya ilk növbədə öz təhlükəsizliyinin təmin olunmasını əsas götürür. O, Ukraynanın NATO-ya üzv olmayacağına dair tələbinin qəbul edilməli olduğunu vurğulayıb.

Bu açıqlama ABŞ prezidentinin xüsusi nümayəndəsi Cared Kuşnerin Berlin görüşündən sonra səsləndirdiyi fikirlərə cavab kimi qiymətləndirilir. Kuşner ABŞ-nin Ukraynaya NATO-nun kollektiv müdafiə prinsipinə bənzər təhlükəsizlik təminatları verilməsi ilə bağlı Rusiyanı razı saldığını bildirmişdi.

NATO-nun 5-ci maddəsinə əsasən, alyansın üzvü olan ölkələrdən birinə silahlı hücum bütün üzvlərə qarşı hücum kimi qiymətləndirilir və digər üzvlər ona yardım göstərməlidir.

Oğuz