Avropa Parlamentinin qətnaməsinin dəyəri yoxdur – İrakli Kobaxidze
Bu gün Avropa Parlamenti Gürcüstanda yaranmış vəziyyətlə əlaqədar qətnamə qəbul edəcək.
SAVASHMEDİA.az gürcü KİV-nə istinadən xəbər verir ki, Gürcüstan hakimiyyəti ilə müxalifətin bu məsələ barədə fikirləri fərqlidir.
Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib ki, bu qətnamənin də onlar üçün dəyəri olmayacaq.
“Səhv etmirəmsə, bu, artıq Avropa Parlanmentinin qəbul etdiyi 5-ci qətnamə olacaq. Əvvəlki qətnamələrin heç birinin heç kim üçün, o cümlədən Avropa Komissiyası, Avropa Şurası və əlbəttə ki, bizim üçün heç bir dəyəri yox idi.
Tamamilə ədalətsiz olan bu cür qətnamələrin heç bir dəyəri ola bilməz. Üstəlik, bu qətnamələrdə, məsələn, ölkəmizin iqtisadiyyatını çökdürməyə yönəlmiş tələblər var.
Onlar bilavasitə iqtisadiyyatımızın çökməsinə gətirib çıxaracaq sanksiyaların (Rusiyaya qarşı - red.) tətbiqini tələb edirlər. Avropa Parlamenti belə tələblər irəli sürəndə, təbii ki, belə qətnamələrin heç bir mənası olmur”, - deyə baş nazir vurğulayıb.
“Birlik – Milli Hərəkat”ın sədri Tina Bokuçava isə hesab edir ki, Avropa Parlamenti mühüm qətnamə qəbul edəcək. “Qətnamədə təkrar seçkilərin keçirilməsinin əhəmiyyəti barədə söhbət gedəcək. Bu qətnamə özünəməxsus qırmızı xətt olacaq. Bu xətti keçərkən “Gürcü Arzusu”nun Avropa İttifaqı ilə qarşılıqlı əlaqəsinin bərpası qeyri-mümkün olacaq”, - deyə Bokuçava vurğulayıb. – deyə bildirib.
Onun sözlərinə görə, yalnız təkrar parlament seçkilərinin keçirilməsi Gürcüstanı beynəlxalq təcriddən çıxara bilər: “Biz avropalı deputatlarla görüşlərimizi davam etdiririk. Dünən bizim parlamentarilərlə də çoxlu görüşlərimiz oldu. Onlar 26 oktyabrda keçirilən seçkilərin gürcü xalqının azad iradəsini əks etdirmədiyini görürlər. Həmçinin Mixail Saakaşvilinin həbsdən azad edilməsi üçün Gürcüstan hakimiyyətinə növbəti çağırış olacaq. Çünki Avropaya can atan ölkədə eks-prezidentin simasında siyasi məhbusların mövcudluğu qəbuledilməzdir”.
Xatırladaq ki, oktyabrın 26-da Gürcüstan parlamentinə seçkilər keçirilib. MSK-nın məlumatına görə, “Gürcü arzusu” demək olar ki, 54% səs toplayaraq qalib gəlib. Dörd müxalifət partiyası 5%-lik baryeri keçib. Onların hamısı seçkinin nəticələrini tanımaqdan və parlamentə daxil olmaqdan imtina edib.
Gürcüstan prezidenti Salome Zurabişvili də parlamentin legitimliyini tanımır.
Xatirə SADİQ