“Avropa Trampın arxasınca düşməkdənsə, Ukraynanı silahlandırsın” – Con Bolton
Donald Trampın milli təhlükəsizlik üzrə keçmiş müşaviri Con Bolton Rusiya-Ukrayna müharibəsi ilə bağlı ölkə prezidentinə xəbərdarlıq edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Bolton “Politico”ya müsahibəsində danışıb.
Keçmiş müşavir bildirib ki, Ukraynada müharibəyə son qoymaq üçün tələsik saziş Vladimir Putinin məqsədləri qarşısında təslim olmağa çox yaxındır.
O, hesab edir ki, Ukraynada müharibənin tələsik sona çatması ABŞ-nin NATO-dan çıxması üçün qapını qısa zamanda aça bilər.
“Mən düşünürdüm ki, Tramp NATO-dan çıxacaq və o, hələ bunu etməyib. Amma musiqinin çalınmağa başladığını eşidə bilərsiniz. Atəşkəs olacaq, hərbiləşdirilmiş zona yaradılacaq, danışıqlar başlayacaq. Ukrayna NATO-ya qoşulmamağa razılaşacaq – bu nizamlamanı, əslində, Kremldə yaza bilərlər”, - deyə o, əlavə edib.
Böyük Britaniyanın baş naziri Kir Starmerin atəşkəsi təmin etmək üçün Britaniya qoşunlarını Ukraynaya yerləşdirməyə hazır olması ilə bağlı açıqlamasını necə qiymətləndirdiyi barədə suala Bolton etinasızlıqla yanaşıb.
“Mən sülhməramlı qüvvələrin yerləşdirilməsinin əleyhinəyəm. Birləşmiş Millətlər Təşkilatının təcrübəsi göstərdi ki, siz sülhməramlı qüvvələri yerləşdirən kimi onlar landşaftın daimi hissəsinə çevrilə bilər və bu halda Ukraynanın de-fakto bölünməsinə gətirib çıxara bilər. Bu da müəyyən müddətdən sonra de-yure ola bilər”, - deyə keçmiş müşavir vurğulayıb.
Bolton həmçinin qeyd edib ki, o, Avropa İttifaqında (Aİ) sülhməramlı qüvvələrin hansı variantının nəzərdən keçirildiyi ilə bağlı müzakirə eşitməyib.
“Bu, atəşkəs rejiminin tətbiqidir və bu halda tətbiq qüvvələri qaydaları sülhməramlılara atəşkəsin pozulmasının qarşısını almaq üçün gücdən istifadə etmək səlahiyyəti verəcək? Və ya bu, şən halda yollarını gedən pozuculara əl yelləyən BMT tipli sülhməramlı qüvvədir?", - deyə o, ritorik şəkildə soruşub.
Boltonun sözlərinə görə, bu, kritik fərqlərdir.
Keçmiş müşavir hesab edir ki, Avropa Tramp və Putin arasında razılaşdırılmış gələcək ssenariləri planlaşdırmaqdansa, Ukraynanın arxasında möhkəm dayansa, silah ehtiyatlarını artırsa və dəstək versə daha yaxşı olar.
“Atəşkəslə bağlı danışıqlar aparmaq üçün mütləq öhdəlik yoxdur. Ona görə də siz Ukraynanın öz ərazilərini geri alması imkanından imtina etməyə hazır deyilsinizsə, mövcud nəzarət xətlərinin dondurulması ideyası potensial olaraq çox təhlükəlidir", - deyə, Bolton nəzərə çatdırıb.
Bolton artıq Trampın hərəkətlərini tənqid edib və Rusiya ilə danışıqlara başlamaqdan öncə Ukraynanın itkiləri barədə Trampın bəyanatlarını onun Putinə faktiki təslim olması adlandırıb.
Xatirə SADİQ