“Avropa Ukraynaya hərbi dəstəyi artırmalıdır” – Kir Starmer

Böyük Britaniyanın baş naziri Kir Starmer Avropa ölkələrini Ukraynanın Rusiya ilə danışıqlarda daha güclü mövqeyə malik olmasını təmin etmək üçün ona hərbi dəstəyi artırmağa çağırıb.

Jan 17, 2025 - 08:44
“Avropa Ukraynaya hərbi dəstəyi artırmalıdır” – Kir Starmer

SAVASHMEDİA.az xəbər verir ki, Starmer bu çağırışı “Politico” nəşrinə müsahibəsində səsləndirib. 

Starmer qeyd edib ki, Donald Trampın andiçməsindən sonra ABŞ-nin siyasətində gözlənilən dəyişikliklər şəraitində Ukraynanı dəstəkləmək üçün avropalı müttəfiqlərin səylərini birləşdirməsi zəruridir.

Britaniyalı baş nazir ölkəsinin sülh təşəbbüslərində əsas rol oynamağa hazır olduğunu bildirib. O, xüsusilə Britaniya qoşunlarının iştirakı ilə sülhməramlı missiyanın keçirilməsi imkanının nəzərdən keçirildiyinə diqqəti cəlb edib.

Avropa ölkələrinin Ukraynaya hərbi yardımının gücləndirilməsinin vacibliyini  vurğulayan baş nazir nəzərə çatdırıb ki, bu, prezident Volodimir Zelenskiyə Rusiya ilə ən güclü mövqelərdən danışıqlar aparmağa imkan verəcək.

“Düşünürəm ki, biz kollektiv şəkildə daha çox iş görməliyik və bütün Avropa bunu qəbul edir”, - deyə Starmer əlavəe dib. 

Onun fikrincə, məhz indi Avropa ölkələri Ukrayna qarşısında öz məsuliyyətlərini göstərməli və təcavüzə qarşı mübarizədə birlik nümayiş etdirməlidirlər.

Starmer onu da qeyd edib ki, bununla digər ölkələrə “nə etməli və nə etməməli” göstərişini verməyə can atmır, çünki özünü “siyasi kollaborasionist” hesab edir. Eyni zamanda o, bütün dünyanın münaqişələr baxımından fərqli kontekstdə olduğunu xatırladıb.

Britaniyalı baş nazir Donald Trampın Ağ Evə dönüşündən sonra ABŞ-nin Ukraynaya dəstək yanaşmasında mümkün dəyişikliklərlə bağlı narahatlığını ifadə edib. Çünki Trampın dövlət katibi vəzifəsinə namizədi Marko Rubio qeyd edib ki, münaqişənin hər iki tərəfi güzəştə getməli olacaq.

Xatırladaq ki, yanvarın 16-da Ukraynaya gələn Kir Starmer Kiyevdə Zelenski ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, bu il Böyük Britaniya artıq Ukraynaya 3 milyard funt sterlinq (təxminən 3,6 milyard dollar) hərbi yardım ayırıb. Bundan başqa, Ukrayna və Böyük Britaniya təhlükəsizlik əlaqələrini dərinləşdirmək və gələcək nəsillər üçün tərəfdaşlığı gücləndirmək üçün 100 illik tərəfdaşlıq haqqında tarixi saziş imzalayıb.

Xatirə SADİQ