“Avropadakı istənilən qəza Rusiya ilə bağlı şübhələr yaradır, amma…” – Litva prezidenti

“Rusiyanın destruktiv davranışına görə indi Avropada baş verən hər hansı nadir qəza təbii olaraq bunun təxribat olub-olmaması ilə bağlı şübhələr yaradır”.

Nov 26, 2024 - 17:25
“Avropadakı istənilən qəza Rusiya ilə bağlı şübhələr yaradır, amma…” – Litva prezidenti

SAVASHMEDİA.az “Delfi” portalına istinadən xəbər verir ki, bunu Litva prezidenti Gitanas Nauseda bildirib.

Onun sözlərinə görə, amma Vilnüs üzərində təyyarə qəzası ilə bağlı hər hansı konkret versiyalar barədə danışmaq hələ tezdir.

“Bir daha təkrar edirəm: təbii ki, bunun təxribat olması ehtimalı var, bunu istisna etmək olmaz. Buna görə də, onu ciddi araşdıracaqlar. Rusiyanın hərəkətləri, onun destruktiv davranışı indi az qala hər bir təyyarə qəzasına Rusiya xüsusi xidmət orqanlarının ehtimal edilən müdaxiləsi prizmasından baxmağa məcbur edəcək”.

Noyabrın 25-də səhər saatlarında Vilnüs hava limanı yaxınlığında Boeing 737-476(SF) yük təyyarəsi qəzaya uğrayıb. İspaniyanın “Swiftair” aviaşirkətinə məxsus təyyarə DHL bağlamalarını daşımaq üçün istifadə olunurdu. Təyyarə Almaniyanın Leypsiq şəhərindən uçurdu.

Qəza nəticəsində pilotlardan biri ölüb, daha üç ekipaj üzvü sağ qalıb.

Bu insident Rusiyanın yük və sərnişin təyyarələrini yandırmaq üşün əməliyyatlar planlaşdırdığı, Almaniya və İngiltərədəki DHL logistika mərkəzlərində alovlanan paketlərin Litvadan göndərildiyi barədə xəbərlər fonunda xüsusi diqqət çəkib.

Xatirə SADİQ